Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən şəhər sakini Mirzəliyev Xaliq saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 7 kiloqramdan artıq heroin aşkar edilib. X.Mirzəliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.
"Unikal" xəbər verir ki, bundan başqa, Şirvan ŞPŞ-nin əməkdaşlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan, dələduzluq, oğurluq, xuliqanlıq və digər cinayətlər əməllərini törədən ümumilikdə 27 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 10 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.
Qeyd edilən dövr ərzində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, oğurluq 1 və xuliqanlıq edən 2 şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.