Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son 1 ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, onlardan heroin, marixuana, eləcə də kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanıb. Saxlanılanların bir neçəsi əvvəllər də analoji cinayət törətdikləri üçün məhkum olunublar.
Həyata keçirilən digər tədbir zamanı oğurluq edən rayon sakinləri - əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov saxlanılıblar.
Onların rayon ərazisində xırdabuynuzlu heyvanlar oğurladıqlar məlum olub. A.Osmanov və İ.Məmmədov heyvanları Qəbələ rayonuna apararaq orada satdıqlarını bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.