Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirli bilinən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Lətif oğlu Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun sədri Alik İbadulla oğlu Həsənovun məhkəmə prosesi davam etdirilib.
“Unikal”ın məlumatına görə, prosesdə Alik Həsənovun vəkili zərərçəkən Elçin Rüstəmovun nümayəndəsi Aslan İsmayılovun şahid qismində dindirilməsi ilə bağlı şifahi vəsatətlə çıxış edib. Fikrini belə əsaslandırıb ki, Nadir Əliyevlə Elçin Rüstəmov stadion məsələsinin qiyməti ilə bağlı danışıq aparanda Aslan İsmayılovda həmin görüşdə iştirak edib. Dövlət ittihamçısı vəsatətin qəbul olunmasına etiraz edib. Hakim isə prosesin hazırkı məsələsində Aslan İsmayılovun şahid qismində dindirilməsinə lüzum görməyib.
Prosesin sonrakı mərhələsində zərərçəkən Elçin Rüstəmova Nadir Əliyevin vəkili müəyyən suallar verib.
Vəkil: Deyirsiz Göygöldəki stadiona görə Nadir Əliyevə 400 min manat vermisiz. Kimin iştirakı ilə vermisiz?
Zərərçəkən Elçin Rüstəmov: 1-ci pulu Bakıda Həmkarlar İttifaqının binasının yanında tək vermişəm. Digər hissəsini isə Arif Abbasov adlı şəxsin yanında vermişəm.
Vəkil: Göygöl stadionuna görə verilən 400 min manatın mənbəyi barədə sənəd təqdim edə bilərsiz?
Zərərçəkən Elçin Rüstəmov: Həmin pulun mənbəyi barədə deyə bilərəm ki, qayınatam o zaman obyektini satmışdı, qayınımda həmin puldan 400 minin yarısını verdi.
Təqsirləndirilən Nadir Əliyev: Yalandır, mən 400 min manat pul almamışam.
Zərərçəkən Elçin Rüstəmov: Göygöl rayon icra hakimi Arif Seyidov bizə dedi ki, aldanmısız. İcra hakimiyyəti bizi verdi məhkəməyə ki, o yeri kimsə sata bilməz. Yəni Nadir Əliyevin o yeri satmaq hüququ yoxdur. Nadir mənə dedi ki, o yerin pulunu yuxarı dairələrə vermişəm, alıb qaytaracam. Yarısını isə Əmlak Komitəsinə vermişəm.
Nümayəndə Aslan İsmayılov: Elçin Rüstəmov, Nadir Əliyev bütün məhkəmə prosesində deyib ki, sizin görüşünüzdə məndə iştirak etmişəm, nə deyə bilərsiz?
Zərərçəkən Elçin Rüstəmov: Mənim Moskvada Vaqif Paşayev adlı dostum var idi gürcüstanlı, o mənə Aslan müəllimi məsləhət görub. Məndə Aslan müəllimi özümlə sənədlərə baxmaq üçün aparmışam. Nadir müəllim dedi ki, stadionların satılması ilə bagli rəhbərliyin razılığı var. Aslan müəllim dedi ki, bunun qanunu tərəfi yoxdur. Mən narazıyam bu stadionu almağına. Amma hamı alırsa səndə al. Nadir müəllim dedi ki, 10 min dövlətə köçürəcəksən, qalanını bizə verəcəksən. Azərbaycanda dövlətin balansında olan 12 stadion var, demək olar hamısı satılıb.
Nümayəndə Alsan İsmayılov: Mən demişəm Elçin, Vaqif mənə deyib, bu dələduzluqdur. Bu Nadir mənə idmanın inkişafı üçün stadionların satılması ilə bağlı prezidentin sərəncamını göstərib. İndi burda Nadir müəllim at kimi üzümə durur. Mən 30 il vəkil işləmişəm, heç vaxt ləyaqətimi pula satmamışam.
Vəkil: Burada deyim biləsiniz ki, stadion MMC-yə satılıb, şəxsə yox. Aslan müəllimdə MMC-nin nümayəndəsi olub, sənədlər var.
Zərərçəkən Elçin Rüstəmov: MMC-yə yox, mənə ziyan dəyib, sponsor mən olmuşam. Cəfərov Kənan Taleh oğlu mənim dayımdır. MMC onun adına sənədləşib.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.
Bundan başqa, Alik Həsənovun özünün ayrıca daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər- Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb.
Azər İsrafilov