Bloomberg Milyarderlər İndeksinə (BBI) görə, "Meta"nın yaradıcısı Mark Zukerberq planetin ən zəngin adamları siyahısında amerikalı sahibkar İlon Maskı geridə qoyub və hazırda üçüncü yerdədir.

"Unikal" xəbər verir ki, Zukerberqin sərvəti bir gecədə 2,6 milyard dollar artaraq 178 milyard dollara çatıb.

Meta səhmləri 1,5% bahalaşıb, bu gün şirkət özünün yeni süni intellekt modeli Llama 3, eləcə də Meta AI çatbotunun yenilənmiş versiyasını təqdim edib.

Eyni zamanda Maskın sərvəti təxminən 4 milyard dollar azalaraq 170 milyard dollara düşüb. Beləliklə, o, dördüncü pilləyə düşüb.

Elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri cümə axşamı günü 3,6% ucuzlaşıb.

BBI-nin məlumatına görə, ən varlı şəxs 218 milyard dollar sərvəti ilə Fransız lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnault olaraq qalır.

İkinci yerdə sərvəti 201 milyard dollar olan Amazon onlayn pərakəndə satış şirkətinin qurucusu və keçmiş rəhbəri Ceff Bezos qərarlaşıb.