Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə həbsdə olan vəkil Sümbülə Əliyevanın məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Sümbülə Əliyeva hakimə etirazı ilə bağlı çıxış edib:
"Keçirilən məhkəmə proseslərində Mahmud Ağalarov haqsız yerə dəfələrlə ona irad tutub. Mehman adlı vəkil ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında tərsmütənasiblik var idi. Ancaq bunu hakim nəzərə almadı. Həmçinin səhhətimdə olan narahatçılığım daha da pisləşməyə başladı. Təqsirləndirilən şəxs xəstə olanda dərhal məhkəmə tibbi ekspertiza təyin edilir ki, görək bu şəxs həqiqətən xəstədir. Maliyyə sənədləri araşdırılmadan birbaşa çıxışlara keçmək olmaz. Həmçinin Mahmud Ağalarovdan başqa hakim Samir Əliyevə də etiraz edirəm. Sizin işə obyektiv baxmağınıza inamım yoxdur. Xahiş edirəm mənim vəsatətim təmin edilsin. Samir müəllim deyir ki, Sümbülə Əliyeva 60 dəfə məhkəməyə gəlməyib".
Hakim sonra Sümbülə Əliyevanın vəkili Əbili Həsənova vəsatətə münasibət bildirmək üçün söz verdi. Əbili Həsənov bildirdi ki, mənim müvəkkilim xəstədir. Onun həqiqətən xəstə olması ilə bağlı ekspertiza təyin etmədiniz. Ona görə xahiş edirəm vəsatət təmin olunsun".
Prosesdə olan digər maraqlı şəxslərdə vəsatətin təmin olunub-olunmamasını hakimin ixtiyarına buraxıb.
Sonda dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib.
Hakimlər müşavirə etdikdən sonra vəsatəti baxılmamış saxlayıb.
Sümbülə Əliyeva dövlət ittihamçısı Ziya Mansurova etiraz etdi, səbəb isə otən prosesdə Orxan Mehdiyev adlı dövlət ittihamçısının iştirak etdiyini və onun adına etiraz vəatəti yazdığını qeyd edib.
Hakim təqsirləndirilənin etirazını qəbul etdi və prosesi aprel ayının 25-nə kimi təxirə salıb.
Xatırladaq ki, Sümbülə Əliyeva mart ayında həbs edilib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Azər İsrafilov