Çin də Bəşər Əsədi "bombaladı"
04:20 11-04-2012
DÜNYA
Çin də Bəşər Əsədi "bombaladı"
Suriya diktatorunun "boğazı kəndirdədir"
Suriyada vəziyyət gərgin olaraq qalır. Birləşmiş Ştatların İnsan Haqları Qrupundan verilən məlumata görə, srağagün təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş vermiş sonuncu toqquşmalarda 100-ə yaxın insan öldürülüb.
Həmçinin, Suriya ilə Livan sərhədi yaxınlığında gedən döyüşlərdə bir nəfər livanlı operatorun öldürülüyü bildirilir. Livan rəsmilərinin verdiyi məlumata görə, vurulan şəxs Əl-Cədid telekanalının əməkdaşı olub. Hadisə zamanı o, Vadi Xaliddə zorakılıq hallarını lentə alırmış.
Türkiyə ilə Suriya sərhədi boyunca da silah səsləri gecə boyu davam edib. Bölgədə yerləşdirilən suriyalıların isə rejimə qarşı etirazları səngimək bilmir. Srağagün 100-dən çox suriyalı yolu kəsərək zorakılığa qarşı etirazlarını bildirməyə çalışıb. Polisin müdaxiləsi ilə etirazçılar bölgədən uzaqlaşdırılıb.
BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin mart ayından etibarən başlayan iğtişaşlarda 9 mindən çox insan öldürülüb. Müxalifət həmçinin, yüzlərlə insanın həbs edilərək işgəncələrə məruz qaldığını bildirir. Ölkəni tərk edən suriyalılar isə qonşu Türkiyə və İordaniyaya üz tuturlar. Türkyənin baş naziri Rəccə Tayyib Ərdoğanın verdiyi məlumata görə, artıq indiyə kimi Türkiyəyə 24 mindən çox insan köç edib.
Bu arada indiyədək Bəşər Əsəd rejimini müdafiə etdiyi heç kimdə şübhə doğurmayan Çin hökuməti Suriya rejimini BMT-nin bu ölkə üzrə xüsusi səfiri Kofi Annanın sülh planlarına əməl etməyə çağırıb. Bu barədə Çinin xarici işlər nazirinin sözçüsü Lyu Veymin bəyanat səsləndirib.
O qeyd edib ki, rejim onlara verilən fürsətdən istifadə etməli və dərhal zorakılığa son qoymalıdır. "Ölkədə davam edən gərginliyi azaltmaq üçün Suriya rəhbərliyi vədlərinə əməl etməli, qoşunları geri çəkməli və atəşkəsi təmin etməlidir. Bu məqsədlə BMT-nin səfiri Kofi Annan ilə əməkdaşlıq etmək əsasdır" - deyə Veymin fikrini ifadə edib.
Qeyd edək ki, srağagün rejim qoşunların geri çəkilməsi üçün qarşı tərəfdən yazılı şəkildə zəmanət almaq tələbəni irəli sürmüşdü. Ölkənin əsas üsyançı birləşmələrindən olan Azad Suriya Ordusu isə bu tələbi rədd edərək rejim silahı yerə qoymayınca mübarizələrini davam etdirəcəklərini vurğulayıb.
Rusiya rəsmiləri isə BMT-nin monitorinq missiyası çərçivəsində bu ölkəyə müşahidəçi qrup göndərməyi planlaşdırır. Bu barədə açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov qeyd edib ki, hələlik missiyanın təfərrüatları müzakirə edilir: "Suriya xalqının demokratiya arzularına heç kim şübhə ilə yanaşa bilməz. Lakin xaricdən ölkənin siyasi strukturuna təsir etmək nəticədə zorakılıq hallarının artmasına gətirib çıxarır. Rusiya həmişəki mövqeyində qalır və ölkədə hər iki tərəfi iğtişaşlara son qoymağa çağırır".
Amerika Birləşmiş Ştatları isə Suriya ilə Türkiyə arasındakı sərhəd bölgələrdə gedən döyüşləri pisləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, Birləşmiş Ştatların Suriya rejiminə qarşı qəzəbi daha da artıb.
Onun sözlərinə görə, sonuncu hücumlar bir daha sübut edir ki, Əsəd rejimi Kofi Annanın sülh planına əməl etmək istəmir. "Biz Suriya rejimi tərəfindən həyata keçirilən bütün zorakılıq hallarını qınayırıq. Sonuncu hücumlar qəzəbimizi daha da artırıb. Rejimi ölkədə zorakılığa son qoymağa çağırırıq. Beynəlxalq təzyiqlər nəticəsində zorakılıq halları azalmaqdansa, daha da artır", - deyə Nuland fikirini ifadə edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-22 00:25:44
2024-12-21 23:23:41
2024-12-21 22:11:43
2024-12-21 21:26:00
2024-12-21 20:45:00
2024-12-21 20:02:00
2024-12-21 19:48:39
2024-12-21 19:33:52
2024-12-21 18:30:47
2024-12-21 15:50:00
2024-12-21 14:14:22
2024-12-21 01:13:57
2024-12-21 00:53:51
2024-12-21 00:35:16
2024-12-21 00:20:10
2024-12-20 23:55:30
2024-12-20 23:45:00
2024-12-20 23:16:59
2024-12-20 22:51:05
2024-12-20 22:23:44