“Az qalıb, növbəti seçkidə millətim lazımi cavabı verəcək”
20:03 04-06-2013
CƏMİYYƏT
“Az qalıb, növbəti
seçkidə millətim lazımi
cavabı verəcək”
Abdulla Gül: “Demokratiya yalnız seçkilərdən ibarət deyil”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Mərakeş, Əlcəzair və Tunisi əhatə edəcək Afrika turnesinə çıxıb. R. T. Ərdoğan səfərdən əvvəl hava limanında ölkədə baş verən hadisələrə bir daha münasibət bildirib.
Baş nazir hadisələrin arxasında Cümhuriyyət Xalq Partiyası və kiçik radikal qrupların dayandığını söyləyib: “Olay Gəzinti Parkı olayı deyil. Bunun arxasında ifrat radikal güclər və CHP dayanır. Türkiyədəki baharı qışa çevirmək istəyənlər var. Bütün bunları öz azadlıqlarını qorumaq kimi qiymətləndirirlər, bəs digərlərinin azadlığı necə olacaq? Nə qədər avtomobil yandırdılar, Allaha şükür ki, ölən olmadı. Avtomobilləri yandırılan vətəndaşların zərərini kim ödəyəcək? 160 polisimiz yaralanıb, 60 vətəndaş xəsarət alıb. Ofisimizi daşlayıblar. Deyirlər ki, polis geri çəkilsin. Polis geri çəkilsə gəlib hökumət binasını tutarlar”.
R. T. Ərdoğanın fikrincə, seçkilərdə AKP-ni məğlub edə bilməyənlər bu yolla öz məqsədlərinə çatmağa çalışırlar: “Az qalıb, növbəti seçkidə millətim lazımi cavabı verəcək. Sakit olun, rahat olun, bu mərhələni keçəcəyik. Belə şeylər ölkəmizdə əvvəllər də çox olub”.
R. T. Ərdoğan onun xaricə səfərə çıxmasını tənqid edənləri aciz və zavallı adlandırıb. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
“Reuters” agentliyinin müxbiri R. T. Ərdoğana sual ünvanlayarkən onun aksiyalarda iştirak edənlər haqda aşağılayıcı ifadələrdən istifadə etməsinin bütün cəmiyyəti daha da qəzəbləndirdiyini, aksiyalara qatılanların əksəriyyətinin CHP və digər müxalif partiyaların üzvü olmadığını, gənclər, universitet tələbələri olduğunu deyib. Bu sual baş naziri qəzəbləndirib: “Yumşaq ifadələr necə ola bilər, mənə öyrətsəniz, ona uyğun danışaram! Bütün cəmiyyət deməyin, buna inanmaram! Bir hissə var, onların müxtəlif vilayətlərdə tərəfdarları var, onlar ayağa qalxa bilər. Amma bizim də evlərindən çıxmaq istəyən 50 faizlik tərəfdar kütləmiz var, onları zorla saxlamışıq, “aman, sakit olun” deyirik. Siz buradan “Reuters”ə bu cür məlumat göndərirsiniz, onları səhv məlumatlandırısınız”.
Türkiyə prezidenti Abdulla Gül isə baş nazirdən fərqli danışıb. Dövlət başçısı bəyan edib ki, demokratiya yalnız seçkilərdən ibarət deyil: “Demokratiyada təbii ki, xalqın iradəsi seçki nəticəsində ortaya çıxır. Lakin demokratiya sadəcə seçki demək deyil. Seçkilərdən başqa, fərqli fikirlər, fərqli durumlar, etirazlar varsa, bunların müxtəlif yollarla dilə gətirilməsi çox təbiidir. Dinc aksiyalar da bunun bir parçasıdır. Son günlər baş verənləri də bu çərçivə içərisində görürəm. Bunu səmimiyyətlə demək istəyirəm ki, xoş niyyətli mesajları diqqətə aldıq, lazımi addımlar atılacaq. Bu mərhələdən sonra artıq diqqətli olmaq lazımdır, çünki qeyri-leqal qruplar prosesə daxil ola bilər. Türkiyə demokratiyası test edildi. Demokratik olmayan ölkələrdə bu cür aksiyaların necə nəticələndiyini ətrafımızdakı bəzi ölkələrə baxsanız, görəcəksiniz. Bu ölkə hamımızındır, ölkəmizə sahib çıxmalıyıq. Artıq hər kəs sakitləşməlidir”.
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47