İyunun 13-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xətai rayonundakı Heydər Əliyev adına  parkda “Unudulmaz Lider” adlı  foto-sərgi keçirilib. Sərgidə Ulu Öndərin həyatının müxtəlif illəri ilə bağlı məqamların əks olunduğu xalçaların fotosu nümayiş olunub.       

"Unikal" xəbər verir ki, əvvəlcə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, Milli Məclisin deputatı Vüqar İskəndərov, Elm və Təhsil Nazirliyinin Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, digər idarə və müəssisələrin rəhbərləri, partiya fəalları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi  önünə əklil və qızıl gül dəstələri  qoyublar.

Qeyd edək ki, sözügedən sərgi Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə  15 İyun - Milli Qurtuluş Günü ilə bağlı rayon ərazisində keçirilən silsilə tədbirlərin tərkib hissəsidir. Tədbir iştirakçıları   dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin müasir müstəqil Azərbaycanın bugünü və gələcəyi üçün gördüyü titanik işləri, Vətən, torpaq, xalq sevgisini özündə əks etdirən  foto-sərgiyə baxış keçiriblər. Bu kimi tədbirlər Azərbaycanın Zəfərlərə qovuşduran Heydər Əliyev siyasətinin ölkəmizə qazandırdığı uğurların təbliğində mühüm rol oynayır.  

Müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun tarixi özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm məqamları  ehtiva edir. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu.  Bu Qayıdış yeni Azərbaycanın qurulmasını, müstəqilliyin dönməzliyini və sarsılmazlığını  təmin etdi. Ulu Öndər Heydər Əliyev bu Qayıdışı ilə azərbaycançılıq ideologiyasının təbliğinə geniş yol açdı. “Mən fəxr edirəm ki, mən azərbaycanlyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşdirdi. Ümummilli Liderin hər bir çağırışı Azərbaycanın uğurlu gələcəyinə, xalqımızın birliyinə, həmrəyliyinə yönəldi. Bir daha bəyan edildi ki, hər birimiz bu Vətən üçün çalışmalıyıq. Ümummilli Lider Heydər Əliyev hər kəsə Vətənini, xalqını sevməyi öyrətdi.

Dahi şəxsiyyət Heydər Əliyev Qayıdışı ilə  Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, tənəzzülündən, iqtisadi böhrandan xilas etdi. Onun xilaskarlıq missiyasının uğurla həyata keçirilməsi bugünkü reallıqlarımıza geniş imkanlar yaratdı. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev onu qorumağı, möhkəmləndirməyi hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi.

Hər zaman böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15 İyun tariximizin ən parlaq səhifələrindən biridir. 

Ümummilli Lider Heydər Əliyevin “İstər bir azərbaycanlı, Azərbaycan vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur” fikirləri Ulu Öndərin Azərbaycanın dünəni, bugünü və gələcəyi ilə bağlı  gördüyü işlərin, müəyyənləşdirdiyi strategiyanın təqdimatıdır. Dahi şəxsiyyət, eyni zamanda, bu əminliyi də ifadə etmişdir ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq.

Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Ulu Öndər Heydər Əliyevin ideyalarının  həyata keçirilməsi bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Heydər Əliyev yolunun uğurları davamlıdır. 2003-cü ildən başlanan Böyük Yolun davamı  Azərbaycanı tarixi Zəfərə qovuşdurdu. Ümummilli Liderin ən böyük arzusunun reallığa çevrilməsini təmin etdi. Azərbaycan qalibiyyəti, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, yaratdığı yeni reallıqları ilə dünyanın diqqətindədir. Tarixi Zəfərimiz Azərbaycanın müstəqillik tarixinin qürurverici səhifələrinin daha da zənginləşməsini şərtləndirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Milli Qurtuluş Günü bütün ölkə ərazisi üzrə sonsuz sevinc hissi ilə qeyd edilir. Belə ki, ötən il sentyabrın   20-də suverenliyimizin tam bərpa olunması ilə Azərbaycanın Dövlət Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda dalğalanır. Ölkəmizin həyatında yeni dövr başlayıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövr uğurla başlayıb, uğurla da davam edəcək.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü müasir müstəqil, qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi  Azərbaycandır. Dahi şəxsiyyət Heydər Əliyevin reallıqları özündə əks etdirən, indiki və gələcək nəsillərə  Azərbaycanın bugünü  və gələcəyi üçün kimə borclu olduğumuzu çatdıran “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” çağırışı, eyni zamanda, xalqımızda yeni zəfərlərlə dolu qalibiyyətli gələcək barədə aydın təsəvvür yaradır. Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində qalib, Qarabağlı və Şərqi Zəngəzurlu  Azərbaycanımızı daha möhtəşəm uğurlar gözləyir.