Əli Kərimli-İbrahimbəyov qovğası
20:09 04-06-2013
CƏMİYYƏT
Əli Kərimli-İbrahimbəyov qovğası
Vahid namizəd savaşında qalib kim olacaq?
Müxalifət birlik istiqamətində mühüm addım atdı. Demokratik Qüvvələrin Milli Şurası elan olundu. Şuranın yaranması istənilən halda irəliyə doğru addım sayıla bilər. O başqa məsələdir ki, Şura bu tərkibdə uzun müddət fəaliyyət göstərə bilməyəcək. Yəqin ki, seçkiyə az qalmış Sülhəddin Əkbərin sədr olduğu ACP, KXCP Milli Şuranı tərk edəcək. Amma bu, artıq gec olacaq.
AXCP indidən Milli Şuranı müxalifətin əsas güc mərkəzi, bu qurumda iştirakı isə “şərəf işi” kimi təqdim etməyə çalışır. Əli Kərimli əsas hədəflərindən birinə nail olub. Milli Şuranın yaradılması Müsavata tələdir, bunu İsa Qəmbər də yaxşı bilir. Milli Şuraya daxil olmaq Müsavatın seçkilərdə müstəqil iştirakına əngəl yaradacaq. Milli Şura Müsavatın seçki siyasətinə mane olacaq. Bundan sonra Müsavat müstəqil şəkildə seçkilərdə iştirak edə bilməyəcək. Etsə, bu separatçılıq kimi qəbul olunacaq.
Müsavat başqanının seçkilərdə iştirakı bir halda mümkündür. O halda ki Milli Şuranın namizədi olsun. Bu isə mümkün deyil. Çünki Milli Şuranın əsas namizədləri Rüstəm İbrahimbəyovla Əli Kərimlidir. Görünən odur ki, mübarizə onlar arasından keçriləcək. Kinodramaturq “vahid namizəd olmağıma 5-6 səbəb mane olur” deyə fikrini bildirib. Amma bu, qəti mövqe deyil. Ola bilməz ki, kinodramaturqu siyasi proseslərin içinə itələyən qüvvələr onun başqa bir namizədə güzəştə getməsinə razılıq versinlər. Azərbaycan şəraitində “pulu kim verirsə, sifarişi də o edir” prinsipi hökm sürür. Milli Şura Rüstəm İbrahimbəyovun ideyasıdır. Qurumu o, yaradıb. Böyük ehtimalla da, Milli Şuranın namizədi İbrahimbəyov olacaq. Onun “istəmirəm”, “mən hansısa kinofestivala hazırlaşıram” tipli bəyanatları baş aldatmaqdan başqa bir şey deyil. İbrahimbəyov siyasətin düz episentrindədir və seçkilərdə aday olmağa tam iddialıdır. Sadəcə olaraq, bu mərhələdə bu tipli bəyanatlar vermək zorundadır. İbrahimbəyov yaxşı bilir ki, Milli Şurada əksəriyyət onu dəstəkləyəcək. “Təki İsa Qəmbər olmasın” prinsipi ilə Əli Kərimli kinodramaturqun önə çıxmasına çalışacaq.
Eldar Namazov və digər fiqurlar da İbrahimbəyovu müdafiə edəcək. Müsavat başqanı da vahid namizəd olmayacağı təqdirdə Əli Kərimlinin önünü kəsmək üçün İbrahimbəyovu müdafiə edə bilər. Əslində ənənəvi müxalifət siyasi məsuliyyətdən qurtarmaq üçün İbrahimbəyovu irəli çıxara bilər. Amma bir iş var ki, AXCP sədri iddialıdır və ən son mərhələdə İbrahimbəyovu sıradan çıxarıb vahid namizəd olmaq istəyir. AXCP-nin planı təxminən belədir: Bütün iddialı namizədlər sıradan çıxarılandan sonra növbə İbrahimbəyova çatacaq. AXCP-nin piar maşını işə düşəcək, birdən-birə İbrahimbəyovun peşəkar siyasətçi olmadığı, sabit sosial bazaya, təşkilati strukturlara malik olmadığı qabardılacaq. Əli Kərimli həmişəki kimi mətbuatın gücünə arxayındır. İbrahimbəyovla müqayisədə Kərimli təşkilati və informasiya resurslarına malikdir. Amma bunu da unutmaq olmaz ki, AXCP sədrinin önə çıxmasını istəməyən qüvvələr İbrahimbəyova könüllü dəstək verəcəklər. Bu halda AXCP sədrinin vəziyyəti çətinləşəcək. Müsavat Partiyası öz başqanının iddialarından vaz keçib İbrahimbəyovu dəstəkləsə, AXCP təklənəcək. Bu halda Milli Şuradan çıxmaq AXCP-yə zərbə vura bilər. O üzdən Əli Kərimli 2003-cü ildəki taktikanı tətbiq edəcək, AMİP sədri Etibar Məmmədova etdiklərini təkrarlayaraq Milli Şuranın namizədinə könülsüz dəstək verəcək.
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22