"Bir neçə mənzili olan jurnalistlər də ev üçün qapımızı döyür"
21:32 05-06-2013
CƏMİYYƏT
"Bir neçə mənzili olan jurnalistlər də ev üçün qapımızı döyür"
"Bizdə olan məlumatlara görə, mənzil bölgüsünün prinsipləri açıqlandıqdan sonra redaksiyalar daxilində ciddi konfrontasiyalar yaranıb"
Mətbuat Şurasının sədri Əflatun Amaşov son zamanlar media ictimaiyyətinin ən çox söz açdığı məsələ jurnalistlər üçün tikilmiş mənzillərin bölgüsü haqqında açıqlama verərək bildirib ki, ev bölgüsü çox çətin olacaq. Amma nə etmək olar, asan iş ümumiyyətlə, yoxdur.
Mətbuat Şurasının rolu quruma üzv media orqanlarının təmsilçilərindən kimin mənzil almaq üçün daha layiqli olduğunu müəyyənləşdirməyə hesablanıb. Bunun üçün irəli sürdüyümüz konkret prinsiplər də var. Əlbəttə, bu prinsiplərdən kənar hərəkət etmək istəyənlərin də olmasını təbii qarşılayırıq. Amma nəzərə alaq ki, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin çoxu şuranın sıralarında cəmləşib və müvafiq olaraq əsl jurnalistlər də həmin media vasitələrində çalışırlar. Bu səbəbdən müəyyənləşdirdiyimiz xəttin əsas olacağı çox güman ki, şübhə doğurmur.
Mənzillərin bölgüsü məsələsində əsas məsuliyyət redaksiyaların üzərinə düşür. Qəbul etdiyimiz qaydalara görə, onlar daxili iclaslarını çağıraraq hansı əməkdaşlarının mənzil sahibliyi üçün daha layiqli olduğunu müəyyənləşdirməlidirlər. Gündəlik qəzetlər və informasiya agentlikləri üç, həftəlik qəzetlər, jurnallar və xəbər portalları isə bir namizəd irəli sürə bilərlər. Əlavə edək ki, üzv təşkilatlarımızın heç də hamısı namizəd irəli sürmək hüququna malik deyil. Bu hüquq yalnız son üç ildə mütəmadi fəaliyyət göstərənlərə şamil edilir.
KİV-lər jurnalistika sahəsində ümumi iş stajı on il olan, redaksiyada 3 il ardıcıl fəaliyyət göstərmiş əməkdaşlarından ev almaq üçün daha layiqlilərinin kimliyinə aydınlıq gətirməli, sonra həmin şəxslərin adlarını müvafiq qaydada Mətbuat Şurasına təqdim etməlidirlər. Mətbuat Şurası isə toplanmış materialları Prezident Administrasiyasına ünvanlayacaq və yekun qərar orada veriləcək. Əflatun Amaşov həmçinin ev almaq üçün qoyulan şərtlərin ağırlığından, bir şəxsin 3 il eyni yerdə işləməsə ev ala bilməməsinə də münasibət bildirib:-" Prinsipial məqam kimi təklif olundu ki, eyni bir yerdə uzun müddət, yəni azı üç il çalışmış jurnalistlərin fəaliyyəti də meyar kimi əsas götürülsün. Amma siz deyən məqam da doğrudur. Bəzən elə olur ki, yeni yaranmış mətbuat orqanı sıralarında uzun illərin peşəkar qələm sahiblərini cəmləşdirir. Bu kimi hallar da nəzərə alınacaq. Əsas məsələ sırf yaradıcı işlə məşğul şəxsin, yəni yaradıcı jurnalistin əməyinin qiymətləndirilməsidir. Mövcud mənada müəyyən istisnalar da mümkündür.Bundan başqa Mətbuat Şurasına televiziyalardan da müraciətlər daxil olur. İçərilərində televiziya jurnalistikasında uzun illər çalışanlar var. Ömrünün əhəmiyyətli hissəsini mətbuatda keçirib, sonradan telekanallara üz tutanlarımız da az deyil. Bu kimi məqamlarda müəyyən mənada fərdi dəyərləndirmənin aparılmasını doğru sayıram. Elə bilirəm, yekun bölgüdə televiziya jurnalistlərinin də nəzərə alınması mümkün olacaq. Belə razılaşdırmışıq ki, onlar müraciətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etsinlər".
Mehdi
Digər Xəbərlər
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00