Rusiya ali məktəblərinin Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərinə tələbə qəbulu elan edilib
20:50 06-06-2013
CƏMİYYƏT
Rusiya ali məktəblərinin Azərbaycan vətəndaşları üçün ayrılmış
yerlərinə tələbə qəbulu elan edilib
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, Rusiya ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər iyunun 10-dan 13-dək TQDK-da qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının illik qiymətləri) 4 və 5 olan Azərbaycan vətəndaşları malikdirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.
Abituriyentlərin seçimi iki mərhələdə aparılacaq. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. Test imtahanı Azərbaycan və rus dillərində keçiriləcək. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycanın ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini bilmə səviyyəsini müəyyən edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər. Test imtahanı iyunun 16-da keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi" iyunun 15-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə iyunun 17-də keçiriləcək.
Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.
Ali təhsil müəssisəsi göstərilməyən tibb, mədəniyyət və incəsənətlə bağlı ixtisaslarda oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.
Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Nazirlər Kabinetinin qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları) və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Qəbul olunanların sənədlərini Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.
Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00