Milli Şuranın faciəsi
21:32 09-06-2013
CƏMİYYƏT
Milli Şuranın faciəsi
Rüstəm İbrahimbəyovdan İsa Qəmbərlə Əli Kərimliyə zərbə
Nəhayət ki, Milli Şuranın ilk iclası baş tutdu. İclasda Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışı zamanı vahid namizəd məsələsinə toxunub. O bildirib ki, vahid namizəd məsələsi olduqca aktuallaşıb. İsa Qəmbər həmçinin qeyd edib ki, Müsavat Partiyası olaraq demokratik qüvvələrin birlik müraciətlərinin hamısına müsbət yanaşıblar.İsa Qəmbər Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri seçilməsini istəyib. İsa Qəmbərin bu təklifi səsə qoyulub və qəbul edilib.Bununla da Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib.
Amma ekspertlər bildirir ki, ən böyük yanlışlıqda məhz bu olub. Hesab edilir ki, Milli Şuranın sədr deyil, İdarə Heyətinin idarə etməsi və rəhbərliyin də rotasiya qaydası ilə edilməsi daha doğru addım olardı. Ümumiyyətlə, hər bir sahədə parlament üsul-idarəsinin tətbiqinin faydası var. Bundan başqa hesab edilir ki, Rüstəm İbrahimbəyovun idarəetmə qabiliyyəti yoxdur və bu səbəbdən onun effektli bir idarəçi olması şübhə yaradır. Xarakter etibarı ilə qorxaq olan Rüstəm İbrahimbəyov bu günə qədər Azərbaycana gəlməyib. Onun ölkə kənarından belə bir təşkilatı idarə etməsi isə sadəcə olaraq mümkünsüz görünür. İclasda qurumun əsasnaməsi qəbul edilib. Əsasnamədə qeyd olunur ki, Demokratik Qüvvələrin Milli Şurası öz sədrini seçib. Sədr sessiyalar arası dövrdə Milli Şuranın fəaliyyətini əlaqələndirir, öz səlahiyyətləri çərçivəsində onu təmsil edir.Milli Şuranın komissiyalar, komitələr, İcra Aparatı, Məşvərət Şurası yaratmaq səlahiyyəti var.Daha sonra Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli çıxış edərək qeyd edib ki, Milli Şura ideyası tarixən demokratik təsisatlarda istifadə olunub. O Milli Şuranın yaranması münasibətilə Azərbaycan xalqını təbrik edib. Cəmil Həsənli həmçinin siyasi məhbusların azad edilməsi uğrunda Milli Şuranın mübarizə aparacağından da söz açıb. Bundan sonra Demokratik Qüvvələrin Milli Şurasının bəyannaməsi də tədbir iştirakçılarına paylanılıb. Milli Şuranın təsis bəyannaməsində qeyd olunur:-“
Biz bu bəyannnaməni imzalayan siyasətçilər, ziyalılar, siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləıri və fəal gənclər bəyan edirik ki, 95 il bundan qabaq bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejimə sülalə hakimiyyəti bərqərar olmuşdu. Sənədi imzalayanlar bildirirlər ki,
- Azərbaycanda avtoritetizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək
- Demokratiyaya keçidi dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq
- Hüququn aliliyinin insan və hüquq azadlıqlarının təmininin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq
- Azərbaycan müstəqilliyinin süverenliyinin qorunub saxlanılması ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında –Demokratik Qüvvələrin Milli Şurasında birləşdiyimizi elan edirik”.
Bunu da qeyd edək ki, Milli Şuranın qəbul etdiyi bu sənəd təşkilatın gələcək perespektivi haqqında rəy yarada bilir. Belə ki, hazırkı sənəd İctimai Palata qəbul edilən zaman yazılan sənəddən qətiyyən fərqlənmir. Yenə də strateji planlar sadalanır, amma bunlara nail olmaq üçün praktik yollar və taktika ortaya çıxarılmır. Bu isə sübut edir ki, forma dəyişsə də mahiyyət dəyişməyib. Bundan başqa aydın oldu ki, Milli Şuranın yaradılmasında tək məqsəd vahid namizədin müəyyənləşməsidir. Amma deyəsən bu məsələ də həllini tapmayacaq. Çünki ciddi ziddiyətlər var və Milli Şuranın tərkibi bu problemi həll edə bilməyəcək. Elə toplantı zamanıda bu problem ortaya çıxdı. Toplantıda iştirak edən Leyla Yunus bildirib ki, tədbirdə Milli Şuranın prezidentliyə vahid namizədini də seçmək və elan etmək lazımdır. O, YAP-ın qurultayına da diqqət çəkərək bildirib ki, Milli Şura təcili olaraq prezidentliyə namizədini müəyyənləşdirməlidir.
C.Həsənli isə qeyd etdi ki, bu məsələ hələ təsisçilər tərəfindən razılaşdırılmayıb və bu səbəbdən ola bilməz. İştirakçılar bu məsələnin təsis qurultayından sonra müzakirə olunmasının vacibliyini bildiriblər.
Sülhəddin Əkbər isə bildirdi ki, Milli Şura çox ağır qərarlardan sonra baş tutub: “İyirmi ildir Azərbaycan xalqının gözlədiyi birliyə risk yaradacaq tələsik addımlar atmayaq. Vaxtından əvvəl risk etməyək”.
L.Yunus isə təkid edərək vurğuladı ki, gündəliyə bu məsələ əlavə olunsun və prezidentliyə MŞ yeganə namizədini bu gün seçsin: “Bu, demokratik təklifdir, səs verin ki, müzakirəyə razısınız, ya razı deyilsiniz”. O, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürdü.
Fuad Ağayev də onunla razı olduğunu bildirdi. Arif Hacılı isə bu təklifi geri götürməyi və müzakirələri sonraya saxlamağı məsləhət gördü. Əvəz Temirxan isə dedi ki, onların ilkin qərarı var və Liberal Partiyasının namizədi Rüstəm İbrahimbəyovdur: “Hesab edirəm ki, məsələni müzakirə etmək mühümdür”.
Eldar Namazov da qeyd etdi ki, Milli Şuranın demokratik yolla hakimiyyət dəyişikliyinə nail olacağına və ölkəni demokratiyaya doğru apara biləcəyinə inanır: “Mənim də namizədim Rüstəm İbrahimbəyovdur. Bura toplaşanlar bilirlər, bir-birinə güzəştə getmək lazımdır. Ancaq vahid fikir olmalıdır. Əksəriyyətin düşündüyü namizəd Bakıda olanda məsələni müzakirə edib fikir bildirəcəyik”. Novella Cəfəroğlu isə deyib ki, vahid namizədi şəxslər yox, partiyalar seçəcəklər: “Partiyaların rəyi daha önəmlidir”. Bundan sonra isə L.Yunusun təklifi səsə qoyulub və qəbul olunmayıb. “Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildisə, böyük ehtimal ki, vahid namizəd özü ola bilər”. Bu fikirləri isə AXCP sədri Əli Kərimli bildirib.
AXCP sədri Milli Şuranın strategiyasından danışaraq bildirib ki, indi bizim müdafiə edəcəyimiz namizəd iki il müddətinə öz vəzifəsini yerinə yetirəcək:
“İki il keçid dövrü olacaq. Bu müddət ərzində referendum yolu ilə yeni konstitusiyanın qəbuluna nail olacaq,yeni parlament seçkilərinin həyata keçirilməsini təmin edəcəyik və yeni prezident seçkiləri keçiriləcək. Seçkilərdə də həmin şəxs namizəd olmayacaq Bu şərtlər daxilində öz namizədimizi yaxın günlər ərzində müəyyənləşdirəcəyik. Biz Milli Şuranın tərkibini formalaşdırmadan elan etsəydik, belə geniş tərkib olmazdı. Müəyyən mübahisəli məqamlar var idi”.
AXCP sədri Rüstəm İbrahimbəyovun sədr seçilməsinə də münasibət bildirib. “Kim istəyirsə, onu Milli Şuranın vahid namizədi kimi qəbul edə bilər. Rüstəm İbrahimbəyov sədri seçildisə, çox böyük ehtimal ki , vahid namizəd özü ola bilər”-deyə Ə.Kərimli bildirib. Ekspertlər Rüstəm İbrahimbəyovun vahid namizəd kimi göstərilməsini də həm mümkünsüz, həm də ciddi yanlışlıq kimi dəyərləndirirlər. İlk növbədə bu qeyd edilir ki, qarşıdan gələn prezident seçkiləri İsa Qəmbərin siyasi həyatında sonuncu seçki olacaq. Bu baxımdan onun Rüstəm İbrahimbəyova güzəştə gedəcəyi inandırıcı deyil. Bunu da qeyd edək ki, hazırda Müsavatın bir sıra aktivistləri Rüstəm İbrahimbəyovun əleyhinə açıqlamalar veriblər. Bundan başqa müşahidəçilər hesab edir ki, Rüstəm İbrahimbəyov heç bir vaxt siyasətdə olmayıb və bu səbəbdən onun siyasi iddia ortaya qoyması mümkünsüzdür. 10 il dövlət başçısı görəvində olan İlham Əliyevlə Rüstəm İbrahimbəyovun rəqabət aparması isə sadəcə təsəvvürə gəlməyən bir məsələdir. Buna görə müşahidəçilər hesab edir ki, Milli Şura yarandığı gündən artıq iki ciddi yanlışlıq edib və bu yanlışlıq qurumu uçuruma aparacaq. Bundan başqa Milli Şuranın tərkibi də kifayət qədər maraqlıdır. Demək olar ki, İctimai Palatada olduğu kimi burada da əsas üstünlük Müsavat və AXCP-in üstündədir. Bu isə o deməkdir ki, yenə də bütün qərarlar AXCP ilə Müsavatın diqtəsi ilə olacaq. Bundan başqa təşkilatda bir neçə yeni simalarda var ki, onlarında cəmiyyətə təsiri sadəcə olaraq yoxdur. Qeyd edək ki, təşkilatın 129 nəfərlik üzvü var. 129 nəfərlik bir heyətin idarə olunması da yəqin ki, asand olmayacaq.Bunu da qeyd edək ki, artıq YAP-dan ilk Milli Şura ilə bağlı açıqlama gəlib. “Bəzi müxalifətdə olan şəxslərin cəmləşdiyi və təsis edilən Milli Şura adı milli olsa da, anti-milli Şuradır”. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Milli Şurada toplaşanlar bütün partiyaları dəyişmiş, gündə bir təşkilatda olan anti-milli üzvlərdir: “İstəyir təsis olunsun, istəyir təsis olunmasın - bu Milli Şuranın heç bir perspektivi yoxdur. Onlar gündə bir partiya gəzən adamlardır, bu xalq üçün onların heç bir perspektivi yoxdur”.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47