Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Instapower”in Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
Zərərçəkmiş Tural Məmmədov bildirib ki, adıçəkilən proqrama 2020-ci ilin mart ayında qoşulub:
"3 min manat o proqrama pul yüklədim. Lakin sabahı günü proqram bağlandı. Sonradan bildim ki, piramida növlü oyundu və mən bu oyunun qurbanı olmuşam. Mən heç bir uduş götürə bilməmişəm. Pulumu təqsirləndirilən şəxslərdən tələb edirəm. Orxan
Babazadəni mənə şirkətin rəhbəri kimi təqdim ediblər. Sosial şəbəkələrdə çatlarda bu oyun haqda məlumatlar var idi deyə, bu da məni özünə cəlb etdi".
Zərərçəkmiş Elvin Hüsübəyli də "İnstapower"in qurbanına çevrildiyini deyib.
"Təqsirləndirilən şəxsi şəxsən tanımamışam. 1400 manat pul qoymuşdum. Günlük 76 manat pul qazanacaqdım. Heç bir gəlir əldə etməmişəm. Ümumillikdə mənə dəyən ziyan 1440 manatdır".
Digər zərərçəkmiş Rəmzi Hüseynəliyev isə qeyd edib ki, şirkət haqqında məlumatları 2023-cü ildə sosial şəbəkələrdə əldə edib:
"Poverbank alıb ölkə daxilində icarəyə verəcəkdim və ordan gələn gəlirlərin müəyyən faizi mənə qalacaqdı. 1530 manat M 10 vasitəsilə nömrələrə ödədim. Pulumu qaytaran olmayıb".
Daha sonra bir çox zərərçəkmişlərin hələ də məhkəməyə gələrək ifadə verməməsi məlum olub.
Hakim Azad Məcidov 12 zərərçəkmiş haqqında məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.
Zərərçəkmiş Kamran Zeynalov isə vəsatət qaldıraraq cinayət işinin ibtidai istintaqa qaytarılmasını məhkəmədən tələb edib və bildirib ki, iş üzrə ona 6 min 653 manat ziyan dəyib.
Digər zərərçəkmişlər və onların vəkilləri vəsatətin baxılmasını tələb ediblər.
Prokuror Fariz Rzayev isə vəsatətin dolğun şəkildə yazılmadığına və kifayət qədər əsaslandırılmadığına görə təmin edilməməsini məhkəməyə təklif edib.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib, lakin məhz bu vəsatətin məhkəmə istintaqı dövründə yenidən müzakirəyə çıxarılacağı ilə bağlı qərar qəbul edib.
Təqsirləndirilən şəxsin vəkili Mirdamət Qədirli məhkəməyə vəsatət ilə müraciət edərək, başqa şəxslərin bank kartlarına şirkətin digər işçiləri tərəfindən xeyli məbləğdə pulların köçürüldüyünü və həmin şəxslərin məlumatlarını Unibank və Kapital bankdan götürülməsini xahiş edib.
Məhkəmə həmin vəsatəti təmin edib. Məlum olub ki, Unibankdan daxil olmuş siyahıda 5 nəfərin kart hesabına hər biri 3.000 AZN olmaqla və Kapital bankdan daxil olmuş siyahıda isə 1 nəfərin kart hesabına 76.000 AZN dən çox pul köçürülüb.
Məhkəmə isə həmin şəxslərin əlavə şahid qismində çağırılması ilə bağlı qərar qəbul edib.
Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır.
Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli