Donorlar artıq ABŞ lideri Co Baydenin seçki kampaniyasına böyük ianələr etmək istəmirlər.

"Unikal"  NEWS.ru-ya istinadən xəbər verir ki, bu səbəbdən hazırkı dövlət başçısının noyabr ayına qədər prezidentlik yarışında qalmaq üçün vəsaiti çatışmaya bilər.

Məlumata görə, Bayden çərşənbə günü seçki kampaniyası üzrə onun ən yaxın məsləhətçilərindən biri olan Ceffri Katzenberqlə görüşüb. Katzenberq ABŞ prezidentinə xəbərdarlıq edib ki, əsas donorlar onun noyabrda keçiriləcək prezident seçkisində qalib gəlmək şanslarına şübhə edirlər və "demək olar ki, hamı kampaniyanı finiş xəttinə çatdırmağa kömək edəcək böyük çekləri imzalamağı dayandırıb".

Bu səbəbdən də ABŞ mətbuatında həftəsonu Baydenin öz namizədliyini geri götürə biləcəyinə dair məlumatlar yayılıb. Bildirilir ki, Demokratlar Co Baydenin ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini təxirə salıblar. Belə ki, Baydenin namizədliyi üçün onlayn səsvermə gələn həftədən avqustun ilk həftəsinə keçirilib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.