Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr (baza ali tibb təhsili) pilləsi üzrə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tədris Araşdırma Xəstəxanasının Hərbi Tibb ixtisası üzrə təhsil almaq üçün abituriyent qəbulu elan edir.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər cari ilin 6 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.

Tələblər sırasında Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 600 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması var.

İmtiyazlara gəlincə, təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.), ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması var.

Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat formasını (mmu.edu.az/qeydiyyat) dəqiq doldurmaq xahiş olunur.

Qeyd: Namizədlər müvafiq sənədlərini 6 avqust 2024-cü il tarixinədək Hərbi Tibb Fakültəsinə yaxınlaşaraq təqdim edə bilərlər. Namizədlərdən qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3x4 formatında 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi 3.

Ətraflı məlumat üçün Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tədris Araşdırma Xəstəxanasının rəsmi saytına (gulhaneeah.saglik.gov.tr) keçid edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.