Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən keçmiş məhkumlar Atamoğlan Abdalov və Taleh Mürsəlovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən hər iki təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışları etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökm elan olunub.
Hökmə əsasən, Atamoğlan Abdalov və Taleh Mürsəlov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Abdalov Atamoğlan Telman oğlu və Mürsəlov Taleh Elxan oğlu "Koroğlu" metro stansiyasının yanında vətəndaş Gülbar Novruzova qarşı quldurluq hərəkəti ediblər.
Faktla bağlı hər iki şəxs Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (bir qrup şəxs tərəfindən quldurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.
Seymur Əli