İran yenə vasitəçi olmaq istəyir
19:35 16-06-2013
CƏMİYYƏT
İran yenə vasitəçi olmaq istəyir
Amma bu mümkünsüz bir ideyadır
"Regionda təhlükəsizliyin pozulması İranın təhlükəsizliyinə də ziyan vura bilər. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və münaqişənin yenidən alovlanması ümumən region üçün təhlükəlidir".Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın deyib.
Səfir bildirib ki, İranın münaqişə zonası ilə həmsərhəd olması ölkənin təhlükəsizliyini sual altında qoyur: "Sülhün bərqərar olması nəinki Azərbaycana və Ermənistan, həm də bütün bölgə, o cümlədən İran üçün çox xeyirli olacaq. Ona görə də, münaqişə qısa zamanda sülh yolu ilə həll olunmalıdır. Bilirsiniz ki, İran hazırda Qoşulmama Hərəkatına sədrlik edir, bölgədə nüfuza malik bir ölkədir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Əgər tərəflər istəsələr, İran münaqişənin həlli üçün kömək edə bilər ".
İranın Ermənistanla əməkdaşlığı inkişaf etdirməsinin münaqişənin həlli prosesinə nə dərəcədə kömək etməsi ilə bağlı APA-nın sualını cavablandıran diplomat hər iki ölkə ilə əməkdaşlığın müsbət nəticə verə biləcəyini bildirib: "Əgər hər hansı bir ölkə yalnız Azərbaycanla, yaxud Ermənistanla sıx əməkdaşlıq edirsə, həmin ölkə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilməz. Lakin İranın Azərbaycan və Ermənistanla olan yaxşı münasibətləri imkan verir ki, münaqişənin həllinə yardım edə bilsin".
Maraqlıdır, İranın yenidən belə bir təşəbbüslə çıxış etməsi nə qədər məntiqlidir və həqiqətənmi İran məsələyə müsbət təsir göstərə bilər? Ekspertlər hesab edir ki, bu sadəcə mümkün deyil. İlk növbədə ona görə ki, bu gün İranın özü dünya dövlətləri tərəfindən qəbul olunmur və embarqoya məruz qalıb. Belə olan halda hansı məntiqlə İranın bu cür problemi həll etməsinə inanmaq olar? Digər tərəfdən bu gün regionda ABŞ və Rusiya üz-üzə gəlib və problemlərin həlli yalnız bu iki gücün razılaşması ilə həll oluna bilər. Belə bir şəraitdə Rusiyanın İranı regionda nüfuz sahibi olmasına imkan verməsi mümkünsüzdür. Və nəhayət illər öncə İran problemin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürdü. Məhz bununla bağlı niyyət protokolu imzalanan gün Ermənistan Şuşanı işğal etdi və beləcə aydın oldu ki, Azərbaycan hansısa oyuna cəlb edilibmiş. Bununla da İranın Azərbaycana yanaşmada qeyri-səmimi olduğu ortaya çıxdı. Bütün bunları nəzərə alan ekspertlər hesab edir ki, yenidən İran mövzusunu gündəmə gətirmək mənasızdır. "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması transmilli təhlükəsizliyə qorxu törədir".Bunu ABŞ-ın Hadson İnstitutunun hərbi-siyasi təhlil mərkəzinin direktoru Riçard Uayts deyib. O bildirib ki, Avrasiyanın mərkəzindəki Qarabağ, Abxaziya, Dnestryanı kimi problemlər təhlükə mənbəyidir. Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsi Stalinin siyasəti nəticəsində ortaya çıxıb: "SSRİ-nin dağılması bir çox keçmiş sovet respublikasında böyük qarışıqlıqlara səbəb oldu. Etnik qrupların məskunlaşdığı yerlər heç də həmişə real sərhədlərə uyğun gəlmir. Bu problem təkcə bu regionda yox, hər yerdə mövcuddur".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41