"Milli Şura bir dərnəkdir"
20:07 20-06-2013
CƏMİYYƏT
"Milli Şura bir dərnəkdir"
Milli Şura bir dərnəkdir, yəni onu təşkilat hesab etmək olmaz. Bu barədə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Novruzov qeyd edib ki, hər təşkilatdan, partiyadan üç-dörd nəfər Milli Şurada toplaşıb guya hansısa milli dəyərlərə, millətin maraqlarının müdafiəsinə çalışır: "Bu adamların öz siyasi partiyalarında hörmətləri olmadığına görə, onlar başqa-başqa təşkilatlarda öz namizədliklərini irəli sürmək istəyirlər. Bu da təbii ki, mümkün olan məsələ deyil. Çünki orada vahid namizəd məsələsi olmayacaq. Həmin təşkilatda olan insanlar özlərinə o qədər iddialıdırlar ki, onlara heç bir etimad da yoxdur. Onlar bir ilin içində bir neçə ad dəyişib, ayrı-ayrı təşkilatlar yaradıblar, hərəsinin də ömrü iki ay sürüb və heç bir effekt verməyib".
Rüstəm İbrahimbəyovun vahid namizəd olacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Novruzov qeyd edib ki, Rüstəm İbrahimbəyov heç bir saat da olsun, siyasətlə məşğul olmayıb: "Bu insan olsa-olsa, ancaq rejissor, ssenarist ola bilər. O nə dövlət xadimi, nə idarəçi, nə siyasi partiya rəhbəri olmayıb və bundan sonra da olmayacaq". Bu arada məlum olub ki, Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) Milli Şurada iştirakla bağlı dərin fikir ayrılığı yaranıb. Mətbuata daxil olan məlumatda bildirilir ki, hazırda partiyanın lideri Etibar Məmmədovla sədr Yusif Bağırzadə və bir neçə funksioner arasında ciddi mübahisələr baş qaldırıb. Belə ki, partiya lideri birmənalı qaydada Milli Şurada iştirak etməyin tərəfdarı olmasa da, sədr və funksionerlər özlərini siyasi proseslərdən kənarda saxlamağın əleyhinə çıxaraq, MŞ-yə daxil olub, qurumda öz mövcudluqlarını təmin etməkdə təkid edirlər. Məsələyə münasibət bildirən AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə katibi Elşən Mustafayev bildirdi ki, mətbuatda AMİP-lə bağlı yayılan məlumatların heç biri həqiqəti əks etdirmir. Partiya rəhbərliyi daxilində Milli Şura ilə bağlı heç bir qarşıdurma və müzakirələr yoxdur:
"Etibar Məmmədov ümumiyyətlə bu məsələlərə qarışmır. Lider birmənalı şəkildə partiyanın idarə edilməsinə müdaxilə etmir və o, müxtəlif qərarların qəbul edilməsini partiya sədrinin öhdəsinə buraxır. Etibar Məmmədov ümumiyyətlə Milli Şura ilə bağlı gedən müzakirələrin heç birisinə qatılmayıb və heç onunla bağlı fikir də bildirməyib. AMİP-in Milli Şurada iştirakı ilə bağlı mətbuatda yayılan məlumatlar sadəcə həmin informasiyanı uyduran jurnalistin təxəyyülünün məhsuludur. Hətta həmin məlumatda mənim digər qəzetə verdiyim açıqlamadan da sitat gətirir. Baxanda da məlum olur ki, mən həmin açıqlamada tamam başqa şeylərdən danışmışam. Mən həmin açıqlamanı öz adımdan yox, rəhbərliyin adından vermişəm. İnformasiyada bildirmişdim ki, AMİP-də Milli Şura ilə bağlı müəyyən suallar yaranıb və bu suallara aydınlıq gətirilməlidir. Həmin suallar aydınlaşdırılarsa, bu məsələyə yenidən qayıtmaq olar. Mənim verdiyi açıqlamadakı fikirlər AMİP-in bütün üzvləri və rəhbərliyi tərəfindən qəbul edilib. Ola bilsin ki, regionlarda olan və məsələnin episentrindən uzaqda olan sıravi AMİP üzvləri arasında partiyanın Milli Şuraya daxil olmaması amili ilə bağlı bu cür mübahisələr var. Amma bu faktor AMİP rəhbərliyi arasında özünü göstərmir"."Vahid namizəd müxalifətin irsi xəstəliyidir".Bunu isə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib:
"Kənar qütblərin diktəsi ilə yaradılmış qondarma "Milli Şura" müxalifətin boynuna keçirilmiş yeni buxovdur. Çünki bu günə qədər müxalifətin qatıldığı bütün seçki prosesləri öncəsi yaratmış olduğu bütün qondarma təşkilat və birliklər onların arxivində var idi".
Onun sözlərinə görə, müxalifətin arxivində "İctimai palata", "EL" hərəkatı və digər adlarla yaranmış qondarma birliklər ola-ola, Rüstəm İbrahimbəyovun, qeyri-milli birisinin "Milli Şura" adı altında nə məqsəd güdməsi də hər kəsə bəllidir:
"Bəlli olmayan odur ki, 20 ildən artıqdır müxalifət heç bir birlik formatında vahid namizəd məsələsini həll edə bilməyib. Necə ola bilər ki, indiki halda onlar 20 illik hirslərini bir İbrahimbəyova qurban verələr. Bu absurd məsələdir. Vahid namizəd məsələsi müxalifətin irsi xəstəliyidir ki, bunu R.İbrahimbəyov kimi naşı bir adamın həll etməsi mümkün deyil".
O qeyd edib ki, son günlər qondarma şura ətrafında vahid namizəd məsələsi ilə bağlı aparılan danışıqlar yersizdir və əlavə onların özləri üçün başağrısıdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27