Əli Həsənovun ilginc hədəfi
20:09 20-06-2013
CƏMİYYƏT
Əli Həsənovun ilginc hədəfi
"Qaçqınkom" sədrinin siyasi bəyanatlarının pərdəarxası
Son vaxtlar Qaçqın və Məcburi köçkünlərin İşi üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Əli Həsənov siyasi məzmunlu bəyanatlar verməyə xeyli meyllənib. Nazir son bir neçə ayda bir neçə dəfə gah beynəlxalq təşkilatların tənqidlərinə sərt cavabları, gah da müxalifətə qarşı ağır ittihamları ilə gündəmə gəlir.
Məlum olduğu kimi, iki gün əvvəl də cənab Həsənov növbəti siyasi məzmunlu bəyanat verib. O bildirib: "BMT-nin İnsan Hüquqları Komissiyası, Avropa Şurasının İnsan Hüquqları Komissarlığının nümayəndələri hər dəfə Azərbaycana gələndə bizə irad tuturlar ki, biz hüquqları pozulmuş insanların haqlarını lazımi səviyyədə müdafiə edə bilmirik. Həmin o insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlar yaxşı olardı ki, əvvəlcə özlərinin qəbul etdikləri qərarların icrası ilə məşğul olsunlar, sonra gəlib bizə insan hüquqlarından dərs keçsinlər".
Təxminən bir ay əvvəl isə "Qaçqınkom" sədri 2005-ci ildə bəzi qüvvələrin Azərbaycanda sabitliyi pozmaq, rəngli inqilab etmək təşəbbüslərindən danışmış, iqtidarda bəzilərinin buna dəstək verməyə cəhd göstərdiyi üçün layiqli cəza aldıqlarını bildirmiş, oxşar situasiyada da yenə istəklərinə çatmayacaqlarına və cəzalandırılacaqlarına işarə vurmuşdu.
Bəs komitə sədrinin qəfildən, ard-arda siyasi bəyanatlar verməsi, siyasi mövzularda fəallıq və hakimiyyətə sədaqət nümayiş etdirməsi nə ilə bağlı ola bilər? Bu mövzuda iqtidardaxili proseslərdən məlumatlı mənbə ilə danışdıq. Mənbəmiz qeyd etdi ki, Əli Həsənovun son vaxtlarki siyasi aktivliyi səbəbsiz deyil və qarşıdan gələn prezident seçkilərindən sonrakı dönəmə hesablanıb: "Artıq çoxlarında qəti əminlik var ki, Azərbaycan baş nazirinin hazırki müavinləri payızda keçiriləcək prezident seçkilərindən sonra əvəzlənəcək. Nazirlər Kabineti rəhbərinin indiki müavinlərindən yalnız birinin seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə öz postunu qoruyacağı gözlənilir. Onun kimliyi isə böyük ölçüdə bəllidir - baş nazirin hazırki birinci müavini Yaqub Eyyubov vəzifəsində saxlanılacaq, baxmayaraq ki, onun iddiasının daha böyük olduğuna dair mətbuatda iddialar mövcuddur. İddialara görə, Eyyubov baş nazir postuna can atır, amma həmin post uğrunda ölkənin bir neçə ağırçəkili oliqarxının da mübarizəsi birinci vitse-premyerin arzularının reallaşmasına ümid yeri qoymur. Digər baş nazir müavinləri ilə isə yollarının ayrılmasına dair siyasi qərar var. Hesab etmək olar ki, Əli Həsənov bunu bildiyi üçün siyasi həmlələr edir, hakimiyyətə sədaqətini xarici təşkilatları, diplomatik korpusu və daxili müxalif qüvvələri sərt dildə hədəfə alaraq nümayiş etdirmək istəyir. Bununla da "Qaçqınkom" sədri ən azı hazırda tutduğu iki mühüm postdan digərini - komitə sədrliyini əlində saxlamağı düşünür".
Mənbəmiz bildirib ki, digər baş nazir müavinləri - Abid Şərifov və Elçin Əfəndiyev postlarını itirmək reallığı ilə barışmış kimi görünsələr də, Əli Həsənov müqavimətini davam etdirir: "Amma düşünmək çətindir ki, onunla bağlı qərar dəyişdirilsin. Bunun üçün çoxsaylı səbəblər var. Nəzərə alsaq ki, ölkə başçısının fevralda keçirdiyi məşhur iclasda məmurların vətəndaşlara yuxarıdan aşağı baxmaq, onların problemlərinə laqeydlik nümayiş etdirmək kimi ciddi nöqsanlarını sərt tənqid etməsi, belə məmurlara xəbərdarlıq bildirməsi fonunda son vaxtlar "Qaçqınkom" sədrindən narazı qalan qaçqınların ard-arda etiraz aksiyaları baş verib, onda bunun anti-Əli Həsənovçu qüvvələrin əlinə baş nazir əleyhinə olduqca ciddi kompromat verdiyini düşünmək mümkündür. Daha əvvəl isə Həsənovun övladları narkoman olan məmurlar haqqında iki dəfə sensasion çıxışı da baş nazirin bu müavininin hökumət daxilindəki düşmənlərinin sayını əhəmiyyətli şəkildə artırıb. "Qaçqınkom" ətrafında korrupsiya şübhələrinin dərinləşməsinə, qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikintisində külli miqdarda maxinasiyalar olması barədə informasiyaların çoxalmasına baxdıqda da Əli Həsənovun karyerası üçün təhlükələrin ciddiliyi təəssüratı möhkəmlənir. Bütün bunları ümumiləşdirdikdə isə prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətdə onun yenidən vəzifə alması mümkünsüz görünür".
Mənbəmiz bütün bunlara rəğmən, bəzi aparıcı KİV-lərdə son günlər Əli Həsənovun baş nazir postuna gətiriləcəyinə dair informasiyaların yer almasını da maraqlı məqamla izah edir: ""Qaçqınkom" sədrinin prezident seçkisindən sonra formalaşacaq yeni hökumətdə Artur Rəsizadəni əvəzləməsi tamamilə qeyri-realdır. Ola bilər, komitə sədrinin hakimiyyət daxilindəki əleyhdarları bu cür informasiyaları dövriyyəyə buraxırlar ki, Həsənovun daha yüksək ambisiyaları olduğu qənaətini yaratsınlar və "Qaçqınkom" "şef"i ilə bağlı verilən siyasi qərarın dəyişdirilməsi yönündə ən kiçik ehtimalı da aradan qaldırsınlar".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27