Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Xocalı rayonu ərazisində üç məntəqədə keçirilir. 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.
"Unikal"ın məlumatına görə, 73 saylı seçki məntəqəsinin seçki komissiyasının sədri Ceyhun Əbdülov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Səsvermədə iştirak edən Xocalı sakinləri doğma yurdlarında səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.
Seçici Məlahət Paşayeva deyib: “Ötən 32 il ərzində ölkəmizdə keçirilən seçkilərdə məcburi köçkün olaraq iştirak edirdik. Nəhayət yurd həsrətimiz bu il başa çatdı – may ayında yenidən Xocalıda məskunlaşdıq və bu gün öz torpağımızda qürurlu Azərbaycan vətəndaşı kimi səs veririk. Bu qüruru, sevinci bizə yaşatdığına görə Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.