Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb.
"Unikal" xəbər verir ki, bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində jurnalistlərə bildirib.
Onun sözlərinə, növbədənkənar parlament seçkilərinə böyük maraq var: "Seçkiləri 112 mindən çox yerli, 598 xarici müşahidəçi izləyir. İndiyədək MSK-nın qaynar xəttinə yalnız sorğu xarakterli müraciətlər daxil olub".
Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.