Avropa Parlamentindəki "casuslar" şəbəkəsi
20:53 21-06-2013
CƏMİYYƏT
Avropa Parlamentindəki "casuslar" şəbəkəsi
Avropa Parlamenti (AP) yenə Azərbaycanı qərəzli şəkildə hədəfə aldı. Keçən ilin may ayında "Eurovision" mahnı müsabiqəsi öncəsi də ölkəmizlə bağlı "təcili" qətnamə qəbul edən adıçəkilən qurum eyni ssenarini davam etdirir. Ancaq bu siyasi oyunların haradan qaynaqlandığı artıq bizə yaxşı bəllidir. Erməni lobbisinin təsiri altında olan Avropa Parlamentinin bir neçə deputatının hədəfi Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirməkdir.
Builki qətnamə keçən il hazırlanan qətnamədən o qədər də fərqlənmir. "Eurovision" mahnı müsabiqəsi zamanı ölkəmizdə guya insan haqlarının pozulduğu, bəzi problemlərin həlli istiqamətində Azərbaycan hökumətinin heç bir addım atmadığı iddia olunurdu.
Həmin qətnamə də 754 deputatı olan Avropa Parlamentində 5-6 nəfərin təşəbbüsü ilə gerçəkləşmişdi. Nə yazıq ki, bu qurumun əsasnaməsi də buna imkan verir və hər hansısa bir qondarma sənəd Avropa Parlamentinin adından hazırlanan qətnamə hesab edilir. Ancaq Azərbaycandan xəbəri olmayan deputatların hansısa şəxsi maraqlar, qərəzli mövqe üzərində açdığı müzakirə nəticəsində 10-15 nəfərin səs verməsi ilə qəbul edilən bir "sənəd"in sonda həmin parlamentin qətnaməsi kimi təqdim edilməsi tam mənada demokratik prinsiplərə ziddir.
Keçən il Avropa Parlamentinin belə qərəzli qətnaməsinə görə Azərbaycan Respublikası Milli Məclisi bu qurumun rəhbərliyinə etiraz bəyanatı göndərmişdi. Görünür, erməni lobbisinin maliyyə dəstəyi ilə AP-də çirkin əməllərini davam etdirən deputatlar Azərbaycanın yüksəlişi, qazandığı saysız-hesabsız nailiyyətlər, dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeritməsi, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi və digər uğurlardan ciddi narahatçılıq keçirirlər. Bəllidir ki, Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzu artdıqca qarayaxma kampaniyası genişlənir. Bunu son vaxtlar ölkəmizə qarşı antiazərbaycançı dairələrin siyasi xarakterli hücumlarının intensivləşməsi də sübut edir.
Avropa Parlamentinin cəmi 32 deputatının "təcili" olaraq Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə də eyni ssenarinin davamı hesab olunur. Bu dəfə də insan hüquqları, həbslər barədə iddialar ortaya atılıb. Adıçəkilən qurumda "İlqar Məmmədovun işi" adlı bir mövzunu gündəmə gətirərək təəssüf doğuran qətnamə qəbul edilib. Ən azından ona görə ki, dəfələrlə beynəlxalq təşkilatlar Azərbaycanın demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiq olduğunu bəyan ediblər.
Qeyd edək ki, Avropa Parlamenti deputatlarının müdafiə etdikləri İlqar Məmmədov bu il fevralın əvvəlində həbs edilib. Onun həbsi AP-nin 32 deputatını "narahat" edib və "təcili" qətnamə qəbul olunub. Hansı ki, bu qurumun hər ay sessiyası keçirilir və bu qətnamə çoxlu deputatın iştirak etdiyi iclasda da qəbul oluna bilərdi. Belə çıxır ki, qondarma sənəd 754 üzvü olan AP-nin cəmi 5 faizinin iradəsini əks etdirir. Eyni zamanda həmin qətnaməyə imza atan bəzi deputatın həbsdə olan İlqar Məmmədovun cinayət işindən heç xəbəri yoxdur. Deputatlar dəstəklədiyi qətnamə layihəsi ilə tanış olmağı belə lazım bilməyiblər. Ümumiyyətlə, Avropa Parlamentinin qətnaməsinin "İlqar Məmmədovun işi" adlandırılmasına baxmayaraq, mətnin böyük bir hissəsinin bu işlə heç bir əlaqəsi yoxdur. Sənədin nəticə hissəsinin 17 bəndindən yalnız birində İlqar Məmmədovdan bəhs olunması, konkret olaraq qətnamənin adının xüsusi sifarişlə müəyyənləşdirildiyindən xəbər verir. Ona görə də bu qətnaməni əslində Avropada, eləcə də həmin qurumda bəzi dairələrin, hətta bəzi deputatların Azərbaycana qarşı qərəzli mövqelərinin nümayişi kimi qiymətləndirmək olar.
Bu gün Avropaya inteqrasiya yolu tutan Azərbaycan həm də bütün bəşəriyyətə təhlükə olan terrorizmlə mübarizə aparır. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən strateji tərəfdaşdır. Torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan demokratiya yolu ilə irəliləyir, cəmiyyətimiz öz tolerantlıq ənənələrini saxlayır və inkişaf etdirir. Lakin AP-nin bütün bunları görmək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın soydaşımızın hüquqlarının pozulmasına münasibət bildirmək əvəzinə antiazərbaycançı şəbəkənin sifarişi ilə iftira dolu qətnamə qəbul edir ki, bu da sadəcə, təəssüf doğurur. Azərbaycanı nəinki regionda, hətta dünyanın böyük bir siyasi-coğrafi məkanı üzrə ən böyük nailiyyətləri olan, uğurla inkişaf edən dövləti kimi qəbul edilir. Bu inkişaf da artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və Azərbaycanın təcrübəsi müsbət nümunə kimi öyrənilir. Artıq Azərbaycanla təzyiq və təhdid dili ilə danışmaq qeyri-mümkündür. Ona görə də Avropa Parlamentinin qondarma "qətnaməsi" qurumun bu sarıdan qəbul etdiyi digər "sənədlər"i kimi tez bir zamanda işlənmiş kağız parçası tək arxivə atılacaq.
Alı Əliyev
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50