Payızda müəllim və həkimlərə dövlət qulluqçusu statusu veriləcək - Komitə rəsmisi
20:54 21-06-2013
CƏMİYYƏT
Payızda müəllim və həkimlərə dövlət qulluqçusu statusu veriləcək - Komitə rəsmisi
“Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya Milli Məclisin payız sessiyasında qəbul olunacaq”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Xatırladaq ki, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair prezident sərəncamından xeyli vaxt keçməsinə baxmayaraq, sənədlə bağlı heç bir məlumat yox idi. Nəhayət, bu gün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov məsələyə aydınlıq gətirərək, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlandığını bildirib.
O deyib ki, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır.
Komissiya sədrinin açıqlamasını şərh edən deputat Musa Quliyev bildirib ki, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanandan sonra, “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişiklik olacaq:
“Bu konsepsiyanın hazırlanmasını prezident hökumətə tapşırıb və Milli Məclisdə müzakirə olunacaq məsələ deyil. Konsepsiya hazırlanandan sonra, “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişiklik olacaq. O zaman biz öz fikirlərimizi bildirəcəyik. Amma hələ ki, konsepsiya barədə məlumatımız olmadığı, onların əsas ideyaları, fikirlərinin nə olduğunu bilmədiyimiz halda bu haqda fikir söyləmək düz olmaz. Amma ümumi şəkildə bildirmək istəyirəm ki, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi çox mühüm bir addım olacaq. Bütövlükdə Azərbaycanın ictimai-sosial həyatında inqilaba bərabər hadisə olacaq. Bu konsepsiya qəbul olunandan sonra müəllimlərin, həkimlərin əməkhaqları dəfələrlə artacaq. Pensiya ödənişlərində, məzuniyyətlərində, digər sosial təminatlarında nəzərəçarpacaq dəyişikliklər olacaq. Bununla da Azərbaycanda uzun illər davam edən müəllimlərin və həkimlərin əməkhaqqı problemi öz həllini tapacaq. Yəqin ki, konsepsiya Milli Məclisin payız sessiyasında qəbul olunacaq o zaman ətraflı fikir bildirəcəyik”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Bəxtiyar Əliyev isə bu konsepsiyanın hazırlanmasında gecikdiyimizi bildirdi. O, qeyd etdi ki, belə bir konsepsiyanın qəbul olunması çox vacibdir:
“Həkim və müəllimlərə dövlət qulluqçusu statusuna yaxın bir statusun müəyyən edilməsi olduqca vacibdir. Bu, problemlərin tezliklə həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına və xidmətin göstərilməsinə böyük bir töhfə olardı”.
Millət vəkili bu məsələdə birgə əməkdaşlığın olduğunu və bu əməkdaşlığın davam edəcəyini bildirib.
Qeyd edək ki, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin. Üç əvəzinə isə artıq üç il ötür...
Gültəkin ƏLƏSGƏR
Digər Xəbərlər
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36