Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
"Unikal"ın məlumatına görə, sərəncamla birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 100 000 ( yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat, üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat ödəniləcək.
Azərbaycan idmançıları Paralimpiya Oyunlarında 11 medal qazanıblar. Beləliklə, qızıl medal qazanan idmançılara (4 nəfər) 800 min manat, gümüş medal qazanan idmançılara (2 nəfər) 200 min manat, bürünc medal qazananlara isə (5 nəfər) 250 min manat pul veriləcək.
Ümumilikdə idmançıların pul mükafatı 1 milyon 250 min manat təşkil edir.
Bundan əlavə birinci yerin qalibi olan idmançıların məşqçilərinə 400 min manat mükafat nəzərdə tutulub.
İkinci yerin qalibi olan idmançıların şəxsi məşqçiləri üçün 100 min manat nəzərdə tutulub.
Üçüncü yerin qalibi olan idmançıların məşqçisi üçün isə 125 min manat mükafat nəzərdə tutulub.
Məşqçilər üçün nəzərdə tutulan pul mükafatı 625 min manat təşkil edir.
Qalib idmançılar və məşqçilərə veriləcək ümumi məbləğ 1 milyon 875 min manatdır.
Anar Kəlbiyev