Oqtay Əsədovdan Avropa Parlamentinə sərt mesaj
21:42 22-06-2013
CƏMİYYƏT
Oqtay Əsədovdan Avropa
Parlamentinə sərt mesaj
"Onların bizə diktə etməyə ixtiyarı yoxdur"
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası oldu. İclasda spiker Oqtay Əsədov çıxış edərək deyib ki, iyunun 13-də Avropa Parlamenti Azərbaycanla bağlı "təxirəsalınmaz" adı ilə qətnamə qəbul edib. Odur ki, sədr gündəliyə bununla bağlı məsələnin daxil edilməsin təklif edib və 99 səslə təklif qəbul olundu.
O.Əsədov AP-ı sərt tənqid edib: "Bu, bir daha onu göstərir ki, Azərbaycana qarşı qərəz var. Azərbaycan Avropa İttifaqı ilə çox konstruktiv əməkdaşlıq edir".
Spiker deyib ki, qətnamə qəbul olunan gün o özü Brüsseldə olub: "Ancaq çox təəssüf ki, artıq qətnamə hazır idi. Bu, onu göstərir ki, Azərbaycanın müstəqil siyasəti çoxlarını narazı salır. Avropa Parlamentin bizə nəyisə diktə etməyə ixtiyarı yoxdur, yalnız tövsiyəsini verə bilər. Bu gün biz bu qətnaməyə Azərbaycan parlamentinin kəskin münasibətini bildirməliyik. İlk qətnamə "Eurovison" keçiriləndə qəbul olunmuşdu. Qəbul olunan qətnamə qərəzli qətnamədir. Eyni vaxtda Avropada Azərbaycana qarşı qətnamələrin qəbulu ortada qərəz olduğunu sübut edir".
Deputat Musa Quliyev də Avropa Parlamentinin 754 deputatından cəmi 33 nəfərin iştirakı ilə qəbul olunan qətnaməni qərəzli sayıb. O, həbsdə olan REAL sədri İlqar Məmmədovu "provakator" adlandırdı və onun Avropada hazırlanan layihə olduğunu deyib.
"İlqar Məmmədov
heç bələdiyyə sədri
seçilə bilməz"
Çıxış edən deputat Siyavuş Novruzov Avropa Parlamentinin REAL hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qətnaməsinə münasibət bildirib.
"Orada oturanların heç biri İlqar Məmmədovu tanımır, onlara donos verən 52 QHT-nin heç birinin adı çəkilmir. Çünki onların heç biri fəaliyyət göstərmir, hərəsi öz kompüterində özünə QHT yaradıb və kimlərinsə tapşırıqlarını yerinə yetirməklə məşğuldur. İlqar Məmmədov prezidentliyə namizəddir, amma heç bələdiyyə sədri belə, seçilə bilməz, parlament seçkilərində heç 500 imza da toplaya bilməyib. Onun prezidentliyə real namizəd kimi qələmə verilməsi böhtandır. "Freedom House" və Avropa Parlamenti eyni qələmdən çıxıb. 20 ildən artıqdır müsavatçıların hüququnu müdafiə edən Novella Cəfəroğlu bir dəfə "Freedom House" təşkilatının bəyanatını pislədi. Dərhal onu partiyadan çıxartmaq istədilər. Bəs hardadır söz azadlığı?".
O, istintaqı gedən, barəsində məhkəmə hökmü olmayan bir şəxs barədə belə qətnamə çıxarılmasını qərəzli qərar adlandırıb.
S.Novruzov qeyd edib ki, müxalifətin mitinq keçirmək üçün sosial bazası yoxdur.
"Donos yazanlar
sırasında 52 QHT-nin adı yoxdur"
Azay Quliyev Avropa Parlamentinin REAL hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qətnaməsinə münasibət bildirib.
Azay Qliyev qətnaməyə səbəb kimi Azərbaycandan 52 QHT-nin Avropa Parlamentinə məlumat göndərdiyi barədə deyilənləri yalan adlandırıb:
"Orada 52 QHT yoxdur, sadəcə Leyla Yunus və rəfiqələrinin yazdığı məlumatlardır. Onların işi-gücü Azərbaycan haqqında bütün mənfi fikirləri ora göndərməkdən ibarətdir. Azərbaycan dünyanın ideal ölkəsi olsa belə, Leyla Yunus nəsə tapıb göndərəcək. Ona görə QHT-lərin adından istifadə olunmasın".
Azay Quliyev məsələ ilə bağlı Avropa Parlamentinə ayrıca müraciət olunmasını təklif edib:
"Birdəfəlik söyləyək ki, əməkdaşlıq edirikmi? Azərbaycana olan bu münasibət Avropaya inteqrasiya məsələsində digər ölkələrin də fəaliyyətinə kölgə salacaq".
A.Quliyev 32 nəfərin səsverməsi ilə qəbul edilən sənədin Avropa Parlamenti qətnaməsi kimi qiymətləndirilməsini "hüquqi nihilizm" adlandırıb.
"Biz böyük qardaş
ideyasını qəbul etmirik"
Vitse-spiker Valeh Ələsgərov sənədi qəbul etmədiyini vurğulayıb.
"Bu Avropa Parlamentinin qətnaməsi kimi qəbul edilə bilməz. Biz bəzi layihələr həyata keçirən zaman belə təzyiqlərin olacağını bilirik. Dəfələrlə belə təzyiqlərin şahidi olmuşuq"-deyə V.Ələsgərov bildirib.
Vitse-spiker həmçinin qeyd edib ki, AVRONEST-in icazəsi olmadan birdən-birə Avropa Parlamentində belə qətnamənin qəbul edilməsi müəmmalıdır.
"Bunun heç bir izahı yoxdur.AVRONEST bəs, nəyə görə yaradılıb? Belə çıxır ki,bu qurum 6 dövlətin təşkilatı kimi yaradılıb".
Daha sonra o bildirib ki, bu ilin may ayında Milli Məclisdə Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin iclası olmalı idi. "Lakin bunlar iclası keçirməkdən imtina elədilər, səbəblərini də açıqlamadılar".
Ələsgərov bildirib ki, bu kimi məsələlər qabaqcadan Azərbaycanın özü ilə razılaşdırılmalıdır.
"Periodik olaraq Azərbaycan Parlamenti ilə işləmək missiyası daşıyan bu qurum ildə bir dəfə iclas keçirir. Bu isə yolverilməzdir. Halbuki, bu əməkdaşlıq komitəsi mütəmadi olaraq görüşməli, təmasda olmalıdır. Biz böyük qardaş ideyasını qəbul etmirik. Kimdir Avropa Parlamenti? Niyə bizə göstəriş verməlidir ki? Avropanın özünün problemləri kifayət qədərdir".
Vitse-spiker bildirib ki, Gürcüstanın bir neçə ilə əvvəl NATO və Avropa Parlamentinə üzvlük məsələsi ciddi müzakirə olunurdu. Lakin ən çətin məqamda Gürcüstana heç kim dayaq durmadı.
"Vaxtında qoymadınız
İlqar Məmmədovu
tutduraq"
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid edib.
"Bizi nə sayırlar, başa düşmürəm? Ədalətsizliyin əndazəsi yoxu. Guya bizdə söz azlığı ilə bağlı hansısa problem var? Bizə göstəriş verirlər ki, jurnalistlər, bloqerlər, fəallar dərhal azad olunmalıdır. Nə ixtiyarları var belə göstəriş verməyə? İlqar Məmmədovun mərifətinə bələdik. İki dəfə Milli Məclis barəsində tərbiyəsiz sözlər işlətmişdi.
Oqtay müəllim, biz imza yığmışdıq, siz İlqar Məmmədovu tutdurmağa qoymadınız. Parlament o boyda təhqirin üstündən keçdi".
Çıxışın bu yerində Oqtay Əsədov komitə sədrinin sözünü kəsərək "Hadı müəllim, tutdurmaq yox, məhkəməyə vermək deyin" deyə bildirib.
Millət vəkili Fazil Mustafa da Milli Məcliisn iclasında çıxış edərək Avropa Parlamentinə etirazını bildirib. Deputat AP-nin təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da qərəzli mövqedə olduğunu deyib.
"Bu, 32 nəfər məsələsi deyil, ayrı-ayrı qrupların təmsilçilərilə bağlı məsələdir. Günah özümüzdədir, o qruplarda nə qədər təmsilçiliyimiz var? YAP-dan başqa heç bir partiya nümayəndəsi təmsil olunmur. Gərək orada olsan ki, fikrini deyə biləsən. Bu problemi həll etməliyik. Hansısa bur qurumdan çıxmağımız uzaqlaşmağımız problemin həlli deyil. Əksinə, mövcud imkanlar daxilində daha səmərəli əməkdaşlıq yollarını tapmalıyıq"-deyə deputat münasibət bildirib.
İqbal Ağazadə spikerlə söz davasına çıxdı
İqbal Ağazadə ona söz verilməməsinə etiraz edib. Millət vəkili iclasda ona söz verilmədiyi üçün spiker Oqtay Əsədova iradını bildirib.
İ.Ağazadənin etirazına spiker "Milli Məclisin İntizam Komissiyası var, məndən şikayət edərsən. Bir saat yarım danışdıq, yetərlidir"-deyə cavab verib.
İ.Ağazadə isə ona "mən şikayət etmək istəmirəm, onda başqa məsələdə bu barədə danışacağam, sözümüzü kəssəniz, kəsin" cavabını verib.
Spiker yenə də çıxışa imkan yaratmayıb:
"İntizam komissiyası var, get şikayət elə. Bir-birimizə hörmət edək".
Spikerin bu sözlərindən sonra deputat iclas zalını tərk edib. Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov isə yerindən gülə-gülə İqbal Ağazadəyə "Yazılı yaz, göndər" -deyə replika atıb.
Avropa Parlamentinə
etiraz
bəyanatı ünvanladı
Milli Məclis növbədənkənar iclasında Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Bəyanat vitse-spiker Valeh Ələsgərovun rəjbərlik etdiyi və Səməd Seyidov, Əli Hüseynli, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Novruz Aslan, Asim Mollazadənin üzv olduğu işçi qrup təqdim edib.
Bəyanat səsə qoyularkən 100 nəfər lehinə, 1 nəfər əleyhinə səs verib.
Bəyanatda qeyd edilir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir, Avropa Birliyi ilə assosiativ saziş hazırlanır.
Sənəddə vurğulanır ki, iyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil:
"Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbsi müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağıldır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir".
Bəyanatda seyd edilib ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampanyiası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib:
"Cinayət Məəlləsində edilən dəyişikliklər də "Diffomasyia haqqında" qanunun qəbuluna heç bir mane törətmir. İnternetlə bağlı hər haesı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var.
Azərbaycanı insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzaikrəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir.
Bu, Avropa Birliyinin Azərbaycanla bağlı siyasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və bu, iqtisadi maraqlardan xəbər verir.
Azərbaycan müstəqil dövlətdir və Avropa Birliyi ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz".
Xatırladaq ki, Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsində REAL hərəkatının lideri İlqar Məmmədovn və Müsavat Partiyası başqanının müşaviri Tofiq Yaqublunun təcili azad edilməsinı çağırılıb. Sənəddə həmçinin Azərbaycanda siyasətçilər, fəallar və jürnalistlərə qarşı qondarma ittihamlar irəli sürlüməsi ilə bağlı məlumatlardan dərin narahatlıq bildirilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27