İspaniya ilə diplomatik böhran yaşayan Venesuela Madriddəki səfirini geri çağırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət lideri Edmundo Qonzalesi Madridə gətirərək açıq şəkildə dəstəkləyən və prezident Nikolas Maduronu “diktator” kimi xarakterizə edən İspaniya hökuməti ilə diplomatik böhran yaşayan Venesuela məsləhətləşmələr üçün səfirini geri çağırıb. 

Venesuelanın xarici işlər naziri İvan Gil İspaniya ilə artan diplomatik böhran səbəbindən Madrid səfiri Qledis Qutierrezin geri çağırıldığını və İspaniyanın Karakasdakı səfiri Ramon Santosun bu gün görüşmək üçün nazirliyə çağırılacağını açıqlayıb. 

Gil İspaniyanın müdafiə naziri Marqarita Roblesin Venesuela prezidenti Maduro üçün "diktator" ifadəsini işlətdiyini və bu səbəbdən səfirlərini geri çağırmağa qərar verdiklərini ifadə edərək, Roblesin sözlərinin "lovğalıq, kobudluq və daxili işlərə müdaxilə" olduğunu müdafiə edib.