Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni tədris ilinə hazırlıqla bağlı cari vəziyyət müzakirə olunub.

ADNSU-dan "Unikal"a bildirilib ki, iclasda 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti geniş müzakirə olunub. Həmçinin icra olunmuş və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Rektor əvəzi dosent Vazeh Əskərov çıxışında yeni tədris ilində ADNSU-ya qəbulun yüksək səviyyədə olduğunu deyib. O, iclas iştirakçılarının diqqətinə çatdırıb ki, həyatlarının ən önəmli pilləsini - ali təhsil mərhələsini etimad göstərib ADNSU-dan başlayan gənclərin ümidlərini yüksək səviyyədə doğrultmaq tələb olunur. Bunun üçün də universitet olaraq komanda şəklində çalışmalı, hər kəs qarşısında duran vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirməlidir.

Fakültə dekanları və kafedra müdirləri ayrı-ayrı ixtisaslar üzrə tədrisə hazırlığın vəziyyəti, dərs yüklərinin bölgüsü, professor-müəllim heyətinə yeni alimlərin cəlb edilməsi istiqamətində aparılmış işlər barədə məlumat veriblər.

Müzakirələrin sonunda Vazeh Əskərov 2024/2025-ci tədris ilinə hazırlıq prosesinin əsasən qənaətbəxş olduğunu qeyd edib. ADNSU-nun milli tədqiqat universitetinə çevrilməsi prosesinin daha səmərəli şəkildə davam etdirilməsi zərurətini vurğulayan Vazeh Əskərov təhsilə və elmə göstərilən yüksək dövlət qayğısının universitetin istər professor-müəllim, istərsə də inzibati heyətində çalışan hər bir əməkdaşının üzərinə ciddi məsuliyyət qoyduğunu nəzərə çatdırıb. O, ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, həmçinin müasir çağırışlara uyğun yeniliklərin operativ qaydada tədris prosesində tətbiqi istiqamətində təklif və göstərişlərini verib, konkret hədəfləri bir daha diqqətə çatdırıb.