SOS! Urmiya gölü qurumaq üzrədir!
19:31 25-06-2013
CƏMİYYƏT
SOS! Urmiya gölü qurumaq üzrədir!
Telman Zeynalov: “Urmiya gölü həm də ona görə quruyur ki, müəyyən xarici dövlətlər İrana qarşı ekoloji silahlardan istifadə edir”
Urmiya gölünün orta dərinliyi 14 metrdən 2 metrə düşüb. “Oyannews”un verdiyi məlumata görə, bu barədə Səhralaşma Komponentləri üzrə Tədqiqat Qrupunun rəhbəri Məhəmməd Dərviş bildirib. Onun sözlərinə görə, hazırda Urmiya gölünün 2/3 hissəsi duzlağa çevrilib: “Göl dolu olduğu zaman sahəsi 540 min hektar idi. Ancaq lazımi su ilə təmin olunmadığından sahəsi 360-390 min hektaradək azalıb. Bu səbəbdən Urmiya gölünün hazırda 2/3 hissəsinin quruduğunu deyə bilərik”.
M. Dərviş deyib ki, küləklərin şərqdən qərbə doğru əsməyi nəzərə alınsa, Binab, Marağa, Əcəbşir şəhərləri duz yellərinin təsiri ilə üzləşə bilər: “Bu duz yelləri əkin sahələrini məhv edəcək. Eyni zamanda yerli camaatın sağlamlığı ciddi təhlükə qarşısında qala bilər”.
İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian isə Urmiya gölünün ətrafındakı quyuların suyunun şor olduğunu açıqlayıb: “Bu vəziyyət ağırlaşacağı təqdirdə Urmiya gölünün ətrafında olan Şərqi Azərbaycan vilayətinin 7 şəhərinin 204 min hektarlıq əkin sahəsi duzlağa çevrilə bilər”.
Xatırladaq ki, Urmiya gölünün qurumasına etiraz olaraq bir neçə ildir ki, Təbrizdə və İranın digər şəhərlərində etiraz aksiyaları keçirilib. İranlı mütəxəssislərin fikrincə, İran hökuməti Urmiya gölünün hövzəsində olan çayların qabağını kəsir, sədd vurur və lazımi suyu Urmiyə gölünə ötürmür. Urmiya gölünün öz suyunu saxlaması üçün əsas təminat mənbəyi yağış, həmçinin ətrafında axan çaylar və yeraltı sulardır. Gölün ətrafında axan çaylara həddən artıq su səddi qurulub. Onlar vurulmamalıdır, dövlət bunu azı 3-4 ildir ki, bilir və amma davam etdirir.
Ekspertlərin fikrincə, ikinci mühüm səbəb əkinçilik üçün ərazidə qazılan su quyularının sayının həddindən artıq çox olmasıdır. İran dövləti bunun qabağını ala bilərdi və indi də ala bilər.
Daha bir mühüm səbəb isə "ətraf mühit məsələlərinə riayət edilmədən" Urmiyə gölünün üzərindən körpünün salınmasıdır. Beynəlxalq konvensiyalara görə, belə körpülərin salınmasında ən yüksək texnologiyalardan istifadə olunmalıdır və beynəlxalq təşkilatlardan (ekspertlik üçün) yararlanmaq olar.
Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun "Unikal"a söylədiyinə görə, "Aramızda nə qədər mədəni-milli-tarixi bağlılıqlar olsa da, Urmiya gölünün quruması İran dövlətinin daxili problemidir və bu məsələni birinci növbədə onlar həll etməlidir. İranın Qərb bölgəsindəki ekosistemin yararlı durumda olmasında bu gölün rolu misilsizdir. Ona görə də Urmiya problemi yubadılmadan həll edilməlidir".
Ekspertin sözlərinə görə, İran dövləti arada Araz çayının suyunun bir hissəsinin Urmiya gölünə axıdılması üçün Azərbaycanla ortaq məxrəcə gəlmək niyyətində idi. "Lakin mən bir daha təkidlə qeyd edirəm ki, Arazın Urmiya gölünə axıdılması böyük bir fəlakətlə nəticələnə bilər. Əgər bu baş verərsə, ölkəmizin Aran zonalarında quraqlıq yaranar, kənd təsərrüfatı məhsulları məhv olar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin də bu məsələ ilə bağlı mənimlə həmfikirdirlər, onların da fikri mənimlə eynidir. Onlar başqa cür hərəkət edə bilməzlər. İnanmıram ki, bizim nazirlik buna razılıq versin", - deyə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri vurğulayıb.
Zeynalovun iddiasına görə, "Urmiya gölü həm də ona görə quruyur ki, müəyyən xarici dövlətlər İrana qarşı ekoloji silahlardan istifadə edir. Bu məqamda Birləşmiş Ştatların HARP sistemini yada salmamaq olmur".
Məzahir Avşar
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41