Hacıbala Abutalıbovla “çimərlik biznesi” arasında hansı bağ var?
19:34 25-06-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbovla “çimərlik biznesi” arasında hansı bağ var?
Bakı Şəhər İcra Hakimiyyətinə plyajlardan edilən şikayətlərin müəmmalı taleyi
Bakı şəhər İcra Hakimiyyətinə paytaxt çimərlikləri ilə bağlı edilən şikayətlərin bir çoxu havadanca asılı qalır. Onların araşdırılması və ortaya çıxan problemlərin kökündən həlli bir çox hallarda mümkün olmur.
Bunu paytaxt sakinlərinin meriyanın “qaynar xətti” ilə bağlı narazılığı da təsdiqləyir. Məsələn, Cavid Nəbiyev adlı vətəndaş day.az saytına göndərdiyi şikayət məktubunda "qaynar xətt"in pis işlədiyini bildirib. "Ötən həftəsonu 566-83-71 saylı nömrəyə, "qaynar xətt"ə dəfələrlə zəng etsəm də, kimsə dəstəyi qaldırmadı. Vətəndaşların əksəriyyəti bazar günü çimərliklərə gedir. Və əgər bu gün "qaynar xətt" işləmirsə, çimərliklərdəki biabırçılıqlar barədə haraya xəbər verək, haraya şikayətlənək? Bu xidmət tək iş günləri yox, istirahət günləri də işləməlidir. Əfsuslar olsun ki, çimərliklərə giriş üçün pul alanlara qarşı heç bir tədbir görülmür", - Cavid Nəbiyev bildirib.
Ən maraq doğuran isə meriyanın bu tipli şikayətlərə reaksiyasıdır. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, "qaynar xətt" bazar ertəsindən şənbə gününədək səhər 9-dan axşam 9-dək işləyir. Bazar günləri isə "qaynar xətt" çalışmır. Lakin o, Abşerondakı bu və digər pullu çimərliklərlə bağlı vətəndaşlardan şikayətlər gəldiyini etiraf edib. "Bütün zənglər qeydə alınır və operativ şəkildə nəzərdən keçirilir. Qaydaları pozanlara qarşı heç bir tədbir görülməməsi barədə deyilənlər həqiqətə uyğun deyil", - Ə.Bağırov söyləyib. Onun sözlərinə görə, bəzən şikayətçinin haqlı olduğunu sübut etmək çətindir. Məsələn, bu yaxınlarda vətəndaş "qaynar xətt"ə zəng edərək çimərliyə giriş üçün pul tələb olunduğunu bildirib. Departamentin əməkdaşları hadisə yerinə yollananda isə çimərliyin işçisi pul tələb etmədiyini deyib
Əvvəla, əhalinin əsas hissəsi məhz həftəsonu istirahət günlərində çimərliklərə gedir, burada hansısa qanunsuzluqlarla üzləşirsə, amma bazar günü Bakı şəhər İcra Hakimiyyətinin “qaynar xətti” işləmir və beləcə, vətəndaşın oprerativ şikayət imkanı qalmırsa, bu nə qədər məntiqəuyğundur? Sakinlərin çimərliyə ən çox üz tutduğu gün “qaynar xətt”inin işləməməsinə absurddan başqa nə ad vermək olar?
Meriya sözçüsünün şikayətçinin haqlılığını sübut etməyin çətin olduğunu deməsi də absurddur. Çünki əgər Hacıbala Abutalıbovun rəhbərlik etdiyi meriyanın aidiyyatı üzrə əməkdaşları çimərliyə gedib, özlərini çimərliyin məsul şəxslərinə təqdim edib hansısa qanunsuzluq haqqında soruşsalar, əlbəttə, onlara bunu etiraf edən olmayacaq. Axı kim öz ayranına turş deyir? Odur ki, meriyanın işçiləri şikayətçinin haqlı olmasını müəyyənləşdirmək üçün müxtəlif üsullara əl ata bilərlər. Əgər onlara həqiqətən də vətəndaşın çimərlikdə üzləşdiyi problemi öyrənmək vacibdirsə!
Ümumiyyətlə, çimərliklərlə bağlı artan şikayətlərin Bakı şəhər İcra Hakimiyyətində “it-bata düşməsi”, bir çox hallarda onlara sükutla cavab verilməsi əhali arasında da müəyyən söz-söhbətlərə gətirib çıxarıb. Bəzilərinin fikrincə, çimərliklərlə paytaxt meri Hacıbala müəllimin hansısa anlaşması var. Necə deyərlər, “əl əli yuyur, əl də üzü”. Odur ki, paytaxt plyajlarında vətəndaşlara qarşı haqsızlıq bitmək bilmir. Plyaj sahibləri lazımi yerlərin “haqq”ını ödədiklərini deyib sakinlərlə istədikləri kimi davranırlar. Bu cür vəziyyət xüsusilə “bərkgedən” çimərliklər üçün xasdır.
Əgər meriya camaat arasında formalaşmaqda olan fikirlərin yanlışlığını sübut etmək istəyirsə, onların şikayətlərinə daha həssas yanaşmalı, plyajlarla bağlı “bezpredel”i birdəfəlik, kökündən həll etməlidir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27