İşçilərindən Füzuli Ələkbərova üsyan
21:14 26-06-2013
CƏMİYYƏT
İşçilərindən Füzuli Ələkbərova üsyan
Onlar ən çox yoxlamalar və həbslər aparılan nazirliyə çevrilmələrindən beziblər
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdan ciddi narazılıq yaranıb. Narazılıq edənlər isə bu dəfə heç də sadə vətəndaşlar deyillər. Söhbət nazirliyin ayrı-ayrı qurumlarında, yerli və regional şöbələrində çalışanlardır. Onlar digər nazirliklərlə müqayisədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) strukturunda ard-arası kəsilməyən təftiş və yoxlamalardan, bir çox hallarda bunların həbslə sonuclanmasından narahatdırlar.
Məlumatı verən mənbənin sözlərinə görə, nazirliyin müxtəlif vəzifəli əməkdaşları əksər nazirliklərdə rüşvət və korrupsiyanın tüğyan etməsinə rəğmən daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərinin rüşvət və korrupsiya ittihamları ilə həbs olunmasını Füzuli Ələkbərovun özü ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, Ələkbərov öz işçilərinin “haqlarını” qorumaqda çətinlik çəkir, bu, onun digər bəzi nazirlərlə müqayisədə iqtidar daxilində zəif, “dişsiz” fiqur kimi tanınması ilə əlaqədardır.
Mənbə bildirir ki, Ələkbərovun işçiləri digər nazirlərin öz nazirlik sistemlərinə ayrı-ayrı təftişçi qurumların, hüquq-mühafizə orqanları strukturlarının intensiv müdaxilələrini önlədikləri halda, ƏƏSMN rəhbəri buna səy göstərmir: “Nəticədə elə bir vəziyyət yaranıb ki, bu nazirliyin əməkdaşlarının əl-qolu tamamilə bağlanıb. Onlar kabinetlərində rahat otura bilmirlər. Hər an hansısa təftişin, yoxlamanın, antikorrupsiya qurumu əməkdaşlarının qapını açıb içəri daxil olacağından əndişəlidirlər”.
Qeyd edək ki, həqiqətən də Füzuli Ələkbərovun nazirliyi ən çox həbslərin və yoxlamaların həyata keçirildiyi qurumdur. Az qala elə bir ay yoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansısa strukturunda - hansısa rayonun Sosial Müdafiə Mərkəzində, hansısa regional Tibbi-Sosial Ekspert Komissiyasında (el arasında VTEK kimi məşhurdur - red.) ya yoxlama aparılıb ciddi korrupsiya faktları aşkarlanmasın, ya da rüşvət və mənimsəməyə görə həbs həyata keçirilməsin. Əslində doğrudan da olduqca maraqlı faktdır ki, bir çox nazirliklər üçün korrupsiya, rüşvətxorluq kimi neqativ hallar çox xarakterik olsa da, niyə belə hallara görə yoxlama və həbslər bir qayda olaraq daha çox məhz Füzuli Ələkbərovun nazirliyində həyata keçirilir?
Əksər ekspertlər də hesab edirlər ki, bunun əsas səbəbi məhz Ələkbərovun öz işçilərinin də qeyd etdiyi kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin artıq hökumət daxilində əvvəlki ciddi dayaqlara malik olmaması, təsir imkanlarının ciddi şəkildə azalması və s. ilə bağlıdır.
Eyni zamanda hesab olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərində yaradılan bu xof mühiti həm də Füzuli Ələkbərovun “vurulması”nı sürətləndirməyə hesablanıb. Belə ki, hər yoxlamadan sonra aşkarlanan korrupsiya faktı və ya rüşvətə görə hər bir həbs əmək və əhalinin sosial müdafiəsi nazirini bir az da zəiflədir, ona qarşı etimadı bir az da azaldır. Bu da sonucda Füzuli Ələkbərovun görəvindən alınmasına ciddi əsaslar yaradır.
Hətta bəzi mənbələrin iddiasına görə, artıq Ələkbərovun gələcək karyerası ilə bağlı qərar hazırdır. Söhbət ondan gedir ki, adıçəkilən nazirin payızda keçiriləcək prezident seçkilərindən sonra yeni formalaşacaq hökumətin tərkibinə daxil olmayacağı əminliklə söylənilir.
Əlbəttə, indidən bu iddianın qəti şəkildə gerçəkləşəcəyini söyləmək mümkünsüzdür. Amma görünən budur ki, artıq əmək və əhalinin sosial müdafiəsi nazirinin işçiləri də yoxlama və həbs təhlükəsi altında işləməkdən beziblər. Onlar da yeni nazir arzusundadırlar.
Yeri gəlmişkən, maraqlı bir məqamı da qeyd edək ki, son vaxtlar ayrı-ayrı nazirlər fəal şəkildə bölgələrdə vətəndaşlarla görüşlərə ezam olunsa da, onların arasında Füzuli Ələkbərovu aktiv olaraq müşahidə etmirik. Yəni digər iri məmurlardan fərqli olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri hökumətin prezident seçkisinə hazırlığının önəmli bir hissəsi kimi gördüyü həmin görüşlərdən kənarda qalıb. Yalnız iki-üç rayona gedə bilib. Bu da onun oktyabr seçkilərindən sonra hökumət kabinetində olmayacağına dair səsləndirilən iddiaların heç də yersiz və əsassız olmadığını düşünməyə imkan verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27