Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

"Unikal"ın məlumatına görə, JF-17C (Block-III) təyyarələri “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkəti tərəfindən birgə hazırlanıb. Pakistan HHQ-də JF-17 “Thunder” olaraq adlandırılan təyyarə Çində “Chengdu FC-1 Xiaolong” adı ilə tanınır.

JF-17 Block III təyyarəsinin seriyalı istehsalına 2020-ci ildə başlanıb. Bu versiya, digər üstünlüklərlə yanaşı, havada yanacaq doldurma sisteminə və uzaq məsafədən hədəfi aşkar etməyə imkan verən yenilənmiş radar sisteminə malikdir. Radara əlavə olaraq, təyyarə kabinada bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarənin idarə olunmasını və hava döyüşünü xeyli asanlaşdırır.

Təyyarə yüksək manevr qabiliyyətinə, yüksək dartqı gücünə malik müasir yeni nəsil mühərriklə təchiz edilib. Yaxın və orta mənzilli “hava-hava” və “hava-yer” raketləri, bombaları, gəmi əleyhinə və radar əleyhinə raketləri, asma yanacaq çənlərini daşıya bilir. O, 280 km-ə qədər məsafədə sabit və hərəkət edən hədəflərə qarşı istifadə oluna bilən "Taimur" havadan buraxılan qanadlı raketini yerləşdirməyə qadirdir. Həmçinin, iki ədəd 23 mm-lik topla təchiz olunub.

Təyyarənin uzunluğu 14970 mm, qanad açıqlığı 9460 mm və hündürlüyü 4770 mm təşkil edir. Boş kütləsi 6411 kq olan təyyarənin maksimal uçuş ağırlığı 12474 kiloqramdır. 

JF-17-nin döyüş radiusu 1350 km, uçuş məsafəsi 2037 km (üç ədəd əlavə yanacaq çəni ilə 3000 km) və maksimum uçuş hündürlüyü 16700 metrdir. JF-17 Block III 1910 km/saat sürəti ilə səmada ən sürətli təyyarələrdən biri kimi qeyd olunur.

Anar Kəlbiyev