İsmət Abbasovun növbəti fiaskosu
21:05 28-06-2013
CƏMİYYƏT
İsmət Abbasovun növbəti fiaskosu
Ölkədə taxıl biçini ilə bağlı acınacaqlı vəziyyət yaranıb, korrupsiya fermerləri çökdürür
Azərbaycanda taxıl biçini ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Belə ki, bir çox rayonlarda texnika çatışmazlığı ucbatından biçin gecikir. Fermerlər məhsullarının zay olacağından narahatdırlar.
"Unikal"a daxil olan məlumata görə, Aran bölgəsində artıq bir aydır ki, taxıl biçininə başlanılıb. Amma bəzi fermerlərin min bir zəhmətlə becərdikləri arpalar hələ də sahələrdə tökülüb qalır. Məsələn, Sabirabad rayonunun Azadkənd kəndində fermerlər buğda və arpa sahələrini biçə bilmirlər.
Buna səbəb kənddə kombaynların çatışmamasıdır. Sabirabad rayonunun Azadkənd kəndində taxıl biçini başlansa da, kombaynların lazımi qədər olmaması onları itki ilə üz-üzə qoyur. Fermerlərin sözlərinə görə, taxıl tam quruduğundan bir hissəsi sahələrə tökülür, bir hissəsi isə sərçələr tərəfindən yeyilir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini deyən fermerlər dərdlərinə çarə tapmadıqlarından gileylənirlər.
Fermerlerin digər bir problemi isə süni qiymət artımıdır. Çünki taxılın 1 hektarını 40-50 manata biçən bəzi kombaynerlər kəndçinin əziyyətini bada verirlər.
Daha bir acınacaqlı vəziyyət Saatlı rayonunda yaranıb. Belə ki, rayonda taxıl yığımı başlasa da, vəziyyət çox acınacaqlıdır. Kombayn çatışmamazlığına görə taxılın vaxtında və itkisiz yığılması ləngiyir. Fermerlər və taxın əkinçiləri hava şəraiti ilə əlaqədar hər gün taxıl itkisi ilə üzləşirlər. Saatlı rayon İcra Hakimiyyəti və sakinlər tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə və "Aqrolizinq" ASC-ə kombayn çatışmazlığı haqqında xəbər verilsə də heç bir tədbir görülməyib deyə gələn məlumatlarda bildirilir.
"Unikal"a daxil olan məlumatda taxıl biçini ilə bağlı acınacaqlı vəziyyətin hökm sürdüyü bölgələrdən biri kimi İmişli rayonu göstərilir. Bildirilir ki, Bəhramtəpədə kombayn çatışmazlığı ucbatından əhalinin və fermerlərin məhsulu zəmilərdəcə zay olub gedir. Gələn məlumatlarda " Qəsəbə ərazisində taxıl əkilmiş 200 hektar sahə batıb gedir. Nə Rayon İcra Hakimiyyəti, nə onun yerli nümayəndəsi, nə də bələdiyyə tərəfdən camaata kömək oldu. Bu boyda qəsəbədə bir dənə kombayn yoxdu" deyə bildirilir.
Həmçinin qeyd olunur ki, yaşayış məntəqəsində 2 min hektar torpaq sahəsi hazırda "ölü zona"ya çevrilib. "Bax, elə bu vəziyyətə görə, sakinlərin bəziləri, xüsusilə qolu qüvvəli gənclər torpağı qoyub, çörək dalınca başqa yerə gediblər. Məmurlar xalqı pis kökə salıb. Harada kombayn var, varlılar, pullular tutub, aparır öz sahəsinə. Bilmirsən dərdini kimə deyəsən. Dövlət subsidiya ayırır, camaat da həvəslənib əkmişdi. Ziyan görən adamlar torpaq əkib-
becərməyə artıq tövbə edir" deyə Bəhramtəpə sakinləri şikayətlənirlər.
Bunu da sakinlər bildirirlər: " "20 gündür ki, kombayn dalınca düşmüşük. Bu boyda qəsəbəyə cəmi bir kombayn ayırmışdılar, növbə ilə biçin aparırdı. Mənim sahəmə yaxınlaşanda dəmir yolu idarəsi rəisinin oğlu gəlib zorla apardı vətəgəyə. Texnikanı əldən buraxmaq istəmirdik. Dedi ya yerinizi yandıracağam, ya da kombaynı. Rəislər 100-200 hektar yer əkir, dövlətin texnikası da onların sahəsində işləyir, belə çıxır ki, biz kasıb-kusub ölməliyik. "Aqroservis"in müdirini tapa bilmirik ki, ona sözümüzü deyək. Heç telefonuna da zəng çatmır".
Kənd Təsərrüfatı Nazirliyi isə real vəziyyəti inkar etməklə məşğuldur. İsmət Abbasovun nazirliyi taxıl biçininin yüksək səviyyədə keçdiyini deyir. Müstəqil ekpertlər bununla razılaşmırlar. Onlar da bildirirlər ki, buğda taxıl zamanı texnikanın olmaması hər il yüz hektarlarla sahənin zay olmasına, biçilməmiş qalmasına gətirib çıxarır.
Ekspertlərin fikrincə, illərdir müşahidə olunan bu acınacaqlı vəziyyətin hələ də aradan qaldırılmaması İsmət Abbasovun nazir kimi üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməməsi və kənd təsərrüfatı sistemində baş alıb gedən korrupsiya ilə bilavasitə bağlıdır.
"Prezident bu ilin fevralında keçirdiyi məşhur müşavirədə aqrar sektordakı mənimsəmələrdən bəhs etdi. Xüsusən alınan texnikanın qiymətinin şişirdildiyini söylədi və buna son qoyulmasını tələb etdi. Hazırda ölkəboyu taxıl biçinində yaranan acınacaqlı durum məhz Kənd Təsərrüfatı Nazirliyi ilə "Aqrarservis" Səhmdar Cəmiyyətinin müştərək korrupsiya əməliyyatlarının məntiqi sonluğudur" deyə bizimlə söhbətində adının çəkilməsini istəməyən kənd təsərrüfatı mütəxəssisi bildirib. Onun söz-lərinə görə, artıq İsmət Abbasovun rəhbərlik etdiyi nazirliyin ölkədə aqrar sektorla bağlı hansısa müsbət iş görə biləcəyinə heç bir ümid qalmayıb: "Hər il analoji vəziyyətlə üzləşən nə qədər fermer, adi vətəndaş taxılçılıqdan vaz keçir. Bu isə sonda ölkəni ciddi böhranla üz-üzə qoya bilər. Belə bir durumun yaşanmaması üçün Kənd Təsərrüfatı Nazirliyi və "Aqrarservis" rəhbərliyinin dəyişdirilməsi, hər iki qurumda ciddi idarəçilik islahatlarının aparılması qaçılmazdır" deyə ekspert fikirlərini tamamlayıb.
Qeyd edək ki, əksər KİV-lər payızda keçiriləcək prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətdə İsmət Abbasovun yer almayacağını proqnozlaşdırır. Elə yaranmış vəziyyət də bu proqnozun gerçəkləşmə ehtimalının yüksək olduğunu söyləməyə əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-28 16:25:26
2024-11-28 16:07:58
2024-11-28 15:56:05
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24