Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunan  Emal Sənayesi üzrə Bakı Dövlət  Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bir çox məqamlara aydınlıq gətirilib. 

Qeyd edək ki, Peşə Təhsil Mərkəzində baş mühasib işləmiş, hazırda təqsirləndirilən şəxs statusunda olan Aynaxanım Babayeva özü dövlətə dəymiş ziyanı tam olaraq ödəyib. 

Mətləb Hüseynov məhkəmədə bu sözləri deyib:

"Mən rəhbərlik etdiyim təhsil müəssisəsinə təyin olunduqdan sonra Aynaxanım Babayevanın bir neçə ailə üzvü və qohumunu işdən çıxartdım. Yeganə gəlinini işdə saxladım. Mən ibtidai istintaq dövründə mühasibim Aynaxanımla üzləşən vaxtı da  demişəm ki, mən bu cinayəti törətməmişəm, vəzifədən heç bir zaman sui-istifadə etməmişəm".

Növbəti məhkəmə prosesi oktyabrın 24-nə təyin olunub. 

Qeyd edək ki, Mətləb Hüseynovun himayəsində 2 azyaşlı övladı var, hazırda heç bir yerdə işləmir. Aynaxanım Babayeva isə hazırda "Qafqaz Wood" MMC-də baş mühasib vəzifəsində çalışır, onkoloji xəstəliyi var, bu barədə sənədlər də vəkili vasitəsilə məhkəməyə təqdim edilib. Oğlu Rafiq də Böyük Vətən Müharibəsi iştirakçısıdır. 

Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.

İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.

Seymur Əli