Oktyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Qazax Rayon İcra Hakimiyyətinin və “Arkoz Qazax Sement Zavodu” MMC-nin birgə təşkilatçılığı ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
"Unikal" xəbər verir ki, “Arkoz Qazax Sement Zavodu” MMC-də keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, FHN Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov, rəis müavini polkovnik-leytenant Rauf Abbasov, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi mayor Fuad Muradov, “Arkoz Qazax Sement Zavodu” MMC-nin təsisçisi Mücahit Uçar, Fövqəladə Hallar Komissiyasının əməkdaşları, rayonun mülki müdafiə xidmətlərinin rəhbərləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti və digər işçilər iştirak ediblər.
Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, fövqəladə hallarda xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, mülki müdafiə qüvvələrinin şəxsi heyətinə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi olub. Uğurla reallaşdırılan məşqdən sonra çıxışlar olub.
“Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev çıxış edərək rayon rəhbərliyini və qonaqları salamlayıb, zavod rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. “Arkoz Qazax Sement Zavodu” MMC-də əhəmiyyətli bir tədbirin təşkilinə görə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Arkoz Qazax Sement Zavodu” MMC-nin (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atdığını qeyd edən icra başçısı bugünkü tədbirin də həmin layihələrin davamı olduğunu, nümunəvi məşqin uğurla həyata keçiriləcəyini bildirib.
FHN-nin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov çıxış edərək iştirakçıları salamlayıb, nümunəvi obyekt mülki müdafiə məşqinin keçirilməsində göstərilən dəstəyə, yaradılan şəraitə görə rayon rəhbərliyinə və “Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə razılığını ifadə edib. E.Məmmədov qeyd edib ki, məşqin keçirilməsində məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən işçilərin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, əhalinin təhlükəsizlik və müdafiə dərəcəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarətdir.
Məşq iki mərhələdə keçirilib. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlayıb. Məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.
Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə və düzgün qərarlar qəbul etmək, eyni zamanda, mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı əyani nümayış olunub. Baş vermiş şərti fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə öz əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.