Zəngilanın azad edilməsi 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi mühüm hərbi əməliyyatlardan biri idi. Ordumuzun qüdrətli, əsgər və zabitlərin şücaəti, eyni zamanda, Zəngilanın strateji mövqeyi və ərazinin coğrafi xüsusiyyətləri əməliyyatın uğurla nəticələnməsinə imkan verdi.

Zəngilan əməliyyatı Qarabağın cənub hissəsində başlayan və Azərbaycan Ordusunun sürətli irəliləməsi ilə xarakterizə olunan ümumi hərbi strategiyanın tərkib hissəsi idi. Əməliyyatın əsas məqsədi Ermənistanın işğalı altında olan Zəngilan rayonunun azad edilməsi və Azərbaycanın sözügedən sərhədlərində təhlükəsizliyin təmin olunması idi. Zəngilanın strateji əhəmiyyəti onun həm Ermənistan, həm də İranla sərhəddə yerləşməsi və Qarabağın digər rayonlarına keçidi asanlaşdırması ilə əlaqədardır. Hərbi əməliyyat çərçivəsində Azərbaycan Ordusu sürətli hücumlarla Ermənistanın müdafiə xəttini yardı və Zəngilan şəhərinə doğru irəlilədi. Əməliyyat zamanı Azərbaycan Ordusu yüksək texnologiyalı silahlar və müasir hərbi strategiyalarla irəlilədi. PUA-lar (pilotsuz uçuş aparatları) və artilleriya zərbələri düşmən mövqelərinə ağır zərbələr endirdi, bu da Ermənistan ordusunun geri çəkilməsinə səbəb oldu. 20 oktyabr 2020-ci il tarixində Zəngilan şəhəri və rayonun bir neçə kəndi işğaldan tamamilə azad olundu. Prezident İlham Əliyev bu hadisəni xalqa müraciətində böyük bir tarixi Qələbə kimi elan etdi.

Zəngilan əməliyyatının uğurla başa çatması Vətən müharibəsində Qələbə yolunda mühüm mərhələlərdən oldu. Bu əməliyyat nəticəsində Azərbaycan İranla dövlət sərhədini bərpa etdi və Ermənistanın cənub sərhədləri boyunca nəzarəti təmin etmiş oldu. Həmçinin Zəngilanın azad edilməsi Azərbaycanın gələcəkdə Naxçıvanla birbaşa quru əlaqəsinin olması üçün mühüm strateji addım oldu. Əməliyyatdan sonra Zəngilan rayonunda da digər işğaldan azad olunmuş ərazilər kimi genişmiqyaslı yenidənqurma və bərpa işlərinə həyata keçirilməyə başlandı. Bu gün Zəngilan rayonunda quruculuq işləri sürətlə həyata keçirilir, əraziyə həyat geri qayıdır.

Zəngilanın Ağalı kəndi digər azad edilmiş ərazilər üçün model olaraq qəbul edilir və gələcəkdə bənzər layihələrin genişləndirilməsi nəzərdə tutulur. Kəndin uğurlu bərpası digər bölgələrdə məskunlaşma və iqtisadi canlanma prosesinə təkan verir.

Zəfər yürüşünün çox mühüm məqamlarından biri Qubadlının işğaldan azad edilməsidir. Azərbaycanın ərazi bütövlüyünün bərpasında Qubadlının xüsusi strateji əhəmiyyəti var idi, bu səbəbdən bu Qələbə müharibənin gedişatında həlledici addımlardan biri kimi qəbul edilir.

Qubadlının işğaldan azad olunmasından sonra bölgədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən məskunlaşdırılması üçün xüsusi proqramlar hazırlamışdır və bu proses Böyük Qayıdış adlanan genişmiqyaslı layihənin bir hissəsi kimi həyata keçirilir. Qubadlının yenidən qurulması ilə bağlı əsas planlar rayonda infrastrukturun bərpası, məskunlaşma üçün şəraitin yaradılması və iqtisadi inkişafın təşviqinə yönəlib.

İlk növbədə Qubadlıda yolların və digər nəqliyyat infrastrukturlarının yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu, bölgənin digər azad edilmiş rayonlarla və Azərbaycanın digər regionları ilə əlaqəsini təmin etmək üçün vacibdir. Elektrik, su və qaz təchizatı şəbəkələrinin yenidən qurulması və təkmilləşdirilməsi əsas prioritetlərdən biridir. Sosial obyektlər – məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları kimi infrastruktur da yenidənqurma planlarına daxildir. Qubadlıda müasir standartlara uyğun məktəblərin və səhiyyə müəssisələrinin inşası nəzərdə tutulur.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı kənd” layihələri Qubadlıda da tətbiq olunur. Bu layihələr çərçivəsində müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı, ekoloji təmiz enerji mənbələri və rəqəmsal idarəetmə sistemləri istifadəyə verilir.

Qubadlı rayonu tarixən kənd təsərrüfatı üçün əlverişli bir bölgə olmuşdur. Yenidənqurma planlarının bir hissəsi olaraq, bölgədə kənd təsərrüfatının bərpası və inkişafı üçün infrastruktur yaradılır. Əkinçilik və heyvandarlıq üçün torpaqların yenidən istifadəyə verilməsi nəzərdə tutulur, bu da regionun iqtisadi inkişafına təkan verəcək.

Yenidənqurma işlərinin əsas mərhələlərindən biri də ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesidir. Qubadlıda geniş miqyasda aparılan minalardan təmizləmə əməliyyatları əhalinin təhlükəsiz şəkildə qayıdışı və bərpa işlərinin aparılması üçün mühüm şərtdir. Qubadlının bərpası ilə yanaşı, keçmiş məcburi köçkünlərin geri qaytarılması prosesi də dövlətin diqqət mərkəzindədir.

Bölgənin müasir infrastrukturla təchiz edilməsi, məcburi köçkünlərin geri qaytarılması və iqtisadi potensialının inkişafı Qubadlının gələcək inkişafı üçün vacib addımlardır.

Bədəl Bədəlov

Milli Məclisin deputatı