"Zəngilan Şəhəri Günü Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olaraq xalqımızın əzmini və dövlətimizin qüdrətini simvolizə edir. 2020-ci il oktyabrın 20-də Müzəffər Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində Zəngilan şəhəri işğaldan azad olundu. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində strateji əhəmiyyətli bir addım oldu və Zəngilan şəhəri 27 illik işğal dönəmindən sonra öz azadlığına qovuşdu".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Onun sözlərinə görə, Zəngilan Azərbaycanın cənub-qərb bölgəsində yerləşən, strateji əhəmiyyəti ilə seçilən şəhərlərdən biridir.

"1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş bu torpaqlar uzun illər boyunca həsrətlə gözlənilən bir zəfərin şahidi oldu. Zəngilanın azad olunması ilə Azərbaycan xalqı yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, milli ruhunu bir daha nümayiş etdirdi. Zəngilanın işğaldan azad edilməsindən sonra bu ərazilərdə yenidənqurma işləri başladı. Şəhərin infrastrukturunun bərpası, yolların çəkilişi, yeni məktəblərin, xəstəxanaların tikilməsi və yerli əhalinin qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Zəngilan təkcə azad edilmiş şəhər deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının bir parçasıdır. Zəngilan Şəhəri Günü böyük coşqu ilə qeyd olunur. Bu azad edilmiş torpaqlara qayıdan insanların sevincini və yeni həyata başlamalarını simvolizə edir. Zəngilan Şəhəri Günü təkcə bir qələbənin yox, həm də milli birliyin, iradənin və gələcəyə inamın təntənəsidir.

Qubadlı Şəhəri Günü də Azərbaycan tarixində şərəfli və mühüm bir hadisəni simvolizə edir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. 27 illik həsrətdən sonra Qubadlı yenidən öz doğma sakinlərinə qovuşdu və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi bir dönüş nöqtəsinə çevrildi. Bu hadisə böyük qürurla qeyd edilən Qubadlı Şəhəri Günü ilə yaddaşlarda yaşayır. Qubadlı şəhəri Azərbaycanın cənub-qərbində, Zəngəzur dağlarının ətəklərində yerləşir. Strateji mövqeyi və zəngin təbii resursları ilə tanınan Qubadlı Ermənistan tərəfindən 1993-cü ildə işğal edilmişdi. İşğal dövründə şəhər talan edildi, tarixi abidələr məhv edildi, sakinlər isə məcburi köçkün olaraq öz doğma yurdlarından uzaq düşdülər. Lakin Azərbaycan xalqının və dövlətinin qətiyyəti nəticəsində 2020-ci ildə Qubadlı azadlığına qovuşdu. Bu gün Qubadlı Azərbaycan dövlətinin inkişaf strategiyasında mühüm yer tutan şəhərlərdən biridir. Yenidənqurma və bərpa işləri təkcə maddi resurslarla məhdudlaşmır, eyni zamanda, milli iradənin və dövlətçiliyin möhkəmləndirilməsi üçün mühüm addımlar atılır".