Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.
Belə ki, ailənin verdiyi məlumata əsasən, Leyla 24 noyabr 2024-cü il tarixində evdə tək olduğu vaxt kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.
Leylanın qaynatası onun son vaxtlar psixoloji vəziyyətinin ağır olduğunu və hətta intihar fikirlərinə qapıldığını bildirib. Həmçinin o, gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.
Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Xəlil Əliyev
***12:41
Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat xidmətinin Cənub regional qrupundan "Unikal"a verilən məlumata görə, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Leyla Heydərovanın əlamətləri bunlardır:
Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.