Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Danışıq zamanı əsas diqqət Suriya Ərəb Respublikasında gərginləşən vəziyyətə yönəldilib. Terrorçu qruplaşmaların və silahlı dəstələrin genişmiqyaslı təcavüzü Suriyanın suverenliyini, siyasi və sosial-iqtisadi sabitliyini pozmağa yönəlmiş bir addım kimi qiymətləndirilib", – məlumatda qeyd olunur.
Həmçinin, Suriyanın qanuni hakimiyyətinin konstitusiya quruluşunu və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün gördüyü tədbirlərə qeyri-şərtsiz dəstək ifadə olunub. Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin koordinasiyasının vacibliyi vurğulanıb.