Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə istintaqının bitdiyini elan edib və çıxışlar mərhələsinə keçirilib.
Sonra zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Maliyyə Nazirliyinin hüquqşünası çıxış edərək dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edib.
Sonra təqsirləndirilən şəxs, general-mayor Nizami Məmmədov son sözlə çıxış edərək özünü qismən təqsirli bilib, lakin bəzi məbləğləri qəbul etməyib.
O, Məlikməmməd Qurbanovdan 800 min manat almadığını deyib: "143 milyon manat məbləğ şişirdilib. Mənə verilən məbləğin üzərimə düşən hissəsinin yarıdan çoxunu geri qaytarmışam".
Digər təqsirləndirilən Cəlal Kazımov da son sözündə məbləğlərin şişirildiyini və ona verilən ittihamların bir qismini qəbul etdiyini deyib.
Daha bir təqsirləndirilən şəxs Bayram Bayramov 2 milyon 495 min manatdan 235 min 700 manatı qəbul etdiyini bildirib: "Mənə vaxt versinlər həmin məbləği ödəyim".
Təqsirləndirilən şəxs Vüsal Əlizadə isə ona yazılan 801 min manatdan 590 min manatı qəbul etdiyini qeyd edib: "Həmin məbləğində əmlaklarımı satıb 320 min manatını ödəmişəm, qalan 270 min manatı da müəyyən zaman çərçivəsində ödəməyə hazıram. Himayəmdə azyaşlı övladlarım var, valideynim ağır xəstədir, xahiş edirəm bunları nəzərə alsanız".
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. Hökmə əsasən Nizami Məmmədov 11 il 6 ay, Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bütün şəxslərin üzərində olan 313-cü maddəyə görə cəza müddəti keçdiyi üçün xitam verilib. Onların əmlakları dövlətə dəymiş ziyanın qarşılığı olaraq müsadirə olunub.
Qeyd edək ki, Nizami Məmmədov 18 milyon 600 min dəymiş ziyandan 12 milyon 415 min, Cəlal Kazımov 186 min, Vüsal Əlizadə isə 320 min manat ziyan ödəyib.
Qərara alınıb ki, 6 min manat məhkəmə ekspertiza xərci müştərək qaydada hər 4 nəfərdən tutularaq dövlət nəfinə köçürülsün.
Calal Kazımovun qardaşının adına olan əmlakın, həmçinin Bayram Bayramovun atasının adına olan əmlakın üzərindən də həbsin götürülməsi ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.