Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya və İranın Suriyada nizamlanma məsələlərində konstruktiv yanaşmalarını yüksək qiymətləndirdiyini bildirib.
"Unikal" xəbər verir ki, o bu barədə mətbuat konfransında bildirib.
"Dünən Suriyanın gələcəyi üçün mühüm gün idi. Astana formatı ölkələri - Türkiyə, Rusiya, İran son hadisələri müzakirə etmək üçün bir araya gəldilər. Biz Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndiririk. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi də bizimlə idi. Bu ölkələrə konstruktiv yanaşmalarına görə təşəkkür edirik. Biz amerikalılarla da müzakirələr aparırıq, Suriya məsələsində regional və beynəlxalq aktorlarla əməkdaşlığı davam etdirəcəyik”, - deyə Fidan bildirib.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan Suriya hakimiyyətinə münasibətlərin normallaşması üçün təkliflər irəli sürüb.
"Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir", - deyə Türkiyə XİN rəhbəri qeyd edib.