"Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. O bildirib ki, 2 maddə üzrə isə açıq suallarımız var:
"Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb".
Nazir xatırladıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur:
"Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı olub və məsələni daha da mürəkkəbləşdirib. Belə ki, Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Bu isə vəziyyəti mürəkkəbləşdirir. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında ölkənin müstəqillik aktına istinad var və həmin akt Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur".