Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

"Unikal" xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb.

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfər etdiyini qeyd edən Ruanda Respublikasının Prezidenti Pol Kaqame tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Pol Kaqame  göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdən gözəl təəssüratlarla ayrıldığını deyib.

Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə Ruandada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edib. Bu günlərdə Ruandada Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasının keçirildiyini qeyd edən Pol Kaqame Azərbaycanın beynəlxalq layihələrə, o cümlədən dünya əhəmiyyətli idman yarışlarına, xüsusilə Formula 1 yarışına uğurla ev sahibliyi etdiyini vurğulayıb. Gələcəkdə Formula 1 yarışının Ruandada da keçiriləcəyinə ümidvar olduğunu deyən Prezident Pol Kaqame bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyinə böyük önəm verdiyini bildirib.

Görüşdə Ruanda Respublikasının Prezidentinə Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri - “Azərbaycan. Təbiətin sehrində” kitabı təqdim edilib.