Bəşər Əsəd üçün kritik gün
02:44 12-04-2012
DÜNYA
Bəşər Əsəd üçün kritik gün
Diktatora verilən vaxt bu gün bitir; Ərdoğandan sərt bəyanat: "Əsəd bizi Suriyaya girməyə məcbur etməsin!"
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton bəyan edib ki, Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasının Suriyadakı böhranı tənzimləmək üçün konstruktiv tədbirlərini dəstəkləməkdən imtina etməsi Suriya diktatoru Bəşər Əsədə hələ də hakimiyyətdə qalmağa imkan verir. Hillari Klinton bu bəyanatla ABŞ-da "Böyük səkkizlik" ölkələrinin xarici işlər nazirləri ilə görüşündə çıxış edib. Dünən isə Vaşinqtonda Hillari Klinton Rusiyanın xarici işlər naziri Serqey Lavrovla Suriyaya dair danışıqlar aparıb.
Xatırladaq ki, BMT-nin keçmiş baş katibi, BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annan Türkiyədən sonra İrana səfər edib. İran dövlət televiziyası Kofi Annanı və onun yanındakı altı nümayəndəni gətirən təyyarənin dünən axşam saatlarında Tehran hava limanında yerə endiyini xəbər verib. Xüsusi səfirin İran liderləri ilə görüşərək, Suriyadakı böhrana dair müzakirələr aparacağı bildirilir. Qeyd edək ki, İran Suriyanın regionda ən yaxın müttəfiqidir.
İtaliyanın yeni baş naziri Mario Monti isə Qahirədə Ərəb Liqasının baş katibi Nəbil Əl Ərəbi ilə görüşərək, Suriya münaqişəsini müzakirə edib. Əl Ərəbi və Monti Suriyada davam edən zorakılıqlara qarşı narahatlıqlarını ifadə edərək, BMT xüsusi nümayəndəsi Kofi Ananın sülh planını bundan sonra da dəstəkləməyə söz verib.
"Suriyada bütün tərəflər dərhal atəşkəs elan etməlidir ki, BMT və Ərəb Liqası xüsusi nümayəndəsi Kofi Annan Suriyada münaqişəni həll edə bilmək imkanı əldə etsin", deyə Nabil Əl Ərəbi bildirib Mario Monti isə hazırda Suriyadakı vəziyyətin istər İtaliya, istərsə də digər dünya ölkələrində gündəmdə olan əsas məsələ olduğunu deyib: "Baş katiblə bu barədə ətraflı müzakirə aparmışıq. Biz Ərəb Liqasının siyasəti ilə tam razıyıq. Ərəb Liqası və BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın sülh missiyasını dəstəkləyirik".
Kofi Annanın təklif etdiyi altı bəndlik sülh planı isə şübhə altına düşüb. Belə ki, srağagün Suriya hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər dayandırılmalı olsa da, yeni zorakılıq xəbərləri yayılır. Suriya insan haqları müdafiəçilərinin məlumatına görə, dünən bütün ölkədə daha 30 nəfər öldürülüb.
Qeyd edək ki, Birləşmiş Millət Təşkilatları (BMT) və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan dünən Türkiyədə Suriya hakimiyyətinə daha iki gün vaxt verildiyini bildirib. Kofi Annan Türkiyənin Hatay bölgəsindəki çadır şəhərciyində Suriyadan olan qaçqınları ziyarət edərkən rəsmi Şama 12 aprel səhər saat 6.00-a qədər silahlı toqquşmaları heç bir şərt irəli sürmədən dayandırmaq üçün vaxt verdiklərini açıqlayıb.
Türkiyə baş nazirinin müavini Bəşir Atalayla təkbətək görüşdən sonra mətbuat konfransı keçirən K. Annan atəşkəs olmalı, silahlar susmalı və əsgəri birliklər öz xidmətlərinə dönməlidir" deyib. "12 aprel saat 6.00-a qədər hələ vaxt var" deyən Annan Suriya hakimiyyətini BMT-nin tələbinə əməl etməyə çağırıb.
Xüsusi nümayəndə hazırda əsas məsələnin güc tətbiqinin dayandırılması olduğunu bildirib: " Güc tətbiqi dayanandan sonra hər kəs masa ətrafında oturub danışmalıdır. Suriya hökuməti başda olmaqla, müxalifəti və digər tərəfləri də güc tətbiqini dayandırmağa çağırıram".
K. Annan Türkiyə-Suriya sərhədində baş verənlər və bölgədəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) məktub da göndərib.
Türkiyə Xarici İşlər Nazirliyi də (XİN) yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, bu il aprelin 5-də BMT TŞ-nın və Ərəb Birliyinin qəbul etdiyi 6 bəndlik plan üzrə Suriya hakimiyyəti ilə aparılan müzakirələr və güc tətbiqinin şərtsiz dayandırılması ilə bağlı tələblər yerinə yetirilməyib: "Son vaxtlar Suriya hakimiyyətinin dinc insanlara qarşı hücumları Türkiyə-Suriya sərhədi yaxınlığında mütəmadi xarakter alıb. Hətta Türkiyədəki qaçqın şəhərçiklərinə də atəş açılır".
Türkiyə XİN BMT və Ərəb Birliyinin xüsusi nümayəndəsi Kofi Annanın missiyasını ilk gündən dəstəklədiyini qeyd etməklə yanaşı, Suriya müxalifətinin də Annana dəstək verdiyini bildirib: "BMT TŞ-nın açıqlamasında güc tətbiqinin tam dayandırılması üçün göstərilən 12 aprel tarixindən 48 saat öncə Suriya hakimiyyətinin Annana verdiyi bütün vədləri tam yerinə yetirilməsi şərti qoyulub. Bu gerçəkləşməyəcəyi təqdirdə, BMT TŞ-nın Suriya xalqının qorunması üçün lazım olan tədbirlər görmək məqsədilə qərar qəbul edəcəyini gözləyirik".
Bir çox Avropa ölkəsinin xarici işlər naziri ilə danışan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya ilə bağlı məsələni və son hadisələri ABŞ dövlət katibi Hillari Klintonla da müzakirə edib. Çində səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan isə Suriyanın Türkiyə sərhədini keçdiyini bildirib: "Çox açıq olaraq sərhəd keçilib, bu ortadaddır. Buna uyğun olaraq, biz də son dəyərləndirməmizi edəcəyik. Qonşu ölkələrlə diplomatik müzakirələr davam edir, ondan sonra da lazım olan addımları atacağıq".
Türkiyə mediasının məlumatına görə, Ərdoğanın Çindən Rusiya və Səudiyyə Ərəbistanına səfər etməsi mümkündür. Məlumata görə, Ərdoğan hər iki ölkədə Suriyadakı vəziyyətlə bağlı müzakirə aparacaq.
Ağ Evdən verilən açıqlamada isə Annanın Suriyanın şərtləri yerinə yetirmək istəmədiyini bildirməsindən sonra ABŞ-ın sonrakı addımları öz müttəfiqləri ilə müzakirə edəcəyi bildirilib.
İngiltərə xarici işlər naziri Vilyam Haque isə hələ ki, Suriya hakimiyyətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini izləmədiklərini deyib: "Suriya hakimiyyətinin Türkiyə və Liviya sərhədləri üzərindən dinc insanlara atəş açması bu ölkələrin ərazi bütövlüyünü tanımamaq deməkdir".
Bu arada onu da yada salaq ki, srağagün BMT TŞ-nın qapalı toplantısı keçirilib. Toplantıdan sonra ABŞ-ın daimi nümayəndəsi Susan Rays TŞ-nın açıqlama ilə çıxış edib. O bildiirb ki, toplantıda Kofi Annanın məktubu müzakirə olunub: " Biz Annanın qeyd etdiyi kimi Suriyadakı müxalifətin də 6 maddəlik plana əməl etməsinin vacibliyini qeyd edirik. Əsas məsələ odur ki, bütün tərəflər 12 aprel tarixinin son möhlət olduğunu qəbul etməlidirlər. Suriya hakimiyyətinin öhdəliklərini təcili yerinə yetirmək istəməsindən əmin deyilik. Güc tətbiqi ilk və əhəmiyyətli addımdır. Bu məsələ başqa şərtlər irəli sürülərək, gecikdirilməməlidir".
BMT TŞ-nın Annana tam dəstək verdiyini deyən S. Rays 12 apreldə ondan ətraflı məlumat alacaqlarını vurğulayıb: Bizim Suriya hakimiyyətinə verdiyimiz ilk vaxt bu gün başa çatdı, Suriya öhdəliklərini yerinə yetirmədi. TŞ üzvləri həm şərtlərə əməl edilməməsi, həm də son 10 gündə güc tətbiqinin daha da intensivləşməsindən ciddi narahatdırlar".
Dünən günün sonunda isə məlumat gəlib ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya hakimiyyətinə qarşı növbəti, amma bu dəfə heç vaxt olmayacaq qədər sərt açıqlamalarla çıxış edib. Türkiyənin "Haber" agentliyinin verdiyi məlumata görə, baş nazir çıxışı zamanı qeyd edib ki, başqa ölkələr sərhədlərində baş verən hadisələrə necə münasibət bəsləyirsə, Türkiyə də onu edəcək. "Əsəd bizi ora girməyə məcbur etməsin" - deyə, Ərdoğan vurğulayıb. Baş nazir onu da bildirib ki, indiyə qədər 25 min suriyalı Türkiyədə sığınacaqla təmin edilib: "Biz suriyalılara qapılarımızı bağlamayacağıq. Türkiyə dövləti Suriya köçkünləri üçün indiyə qədər 150 milyon dollar vəsait xərcləyib".
Qeyd edək ki, aprelin 10-da Moskvada Rusiya və Suriya XİN başçıları Sergey Lavrovla Vəlid Muallim də görüşüb. V. Muallim ölkəsinin Annan planını artıq yerinə yetirməyə başladığını, ordunun şəhərlərdən çəkildiyini, rəsmi Şamın müzakirələrə hazır olduğunu bildirib. Suriya XİN başçısı Annandan müxalifətçi qüvvələrin də atəşkəs sözləşməsinə sadiq qalacağına dair qarantiya verməsini istədiklərini bildirib. Rusiya XİN başçısı S. Lavrov da Suriya hakimiyyətini Annan planını yerinə yetirməyə daha qərarlı yanaşmağa çağırıb. O, xarici ölkələrin "Annan planı"nın tətbiq olunması üçün müxalifət qruplarına təsir göstərməsinin vacibliyini vurğulayıb. Müxalifətin mövqeyini tənqid edən S. Lavrov bütün tərəfləri planın şərtlərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, aprelin 10-da səhər saatlarında Suriya-Türkiyə sərhədinin yaxınlığında Suriya ordusu ilə müxalifət gücləri arasında baş vermiş toqquşmada açılan atəş nəticəsində sərhədin Türkiyə təfərində olan iki nəfər türk, iki nəfər isə suriyalı yaralanıb. Sərhəddən Türkiyəyə qaçmağa çalışan suriyalılara atəş açılması nəticəsində iki nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00
2024-12-23 13:41:00
2024-12-23 13:28:00