Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 04.01.2025-ci il tarixində saat 06:00 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub. 

Sumqayıt Tibb Mərkəzindən "Unikal"a verilən məlumata görə, başın toxumasının əziyi diaqnozu təyin edilən 1961-ci il təvəllüdlü və sol baldırın əziyi diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.  

Sol baldır sümüklərinin qapali yerdəyişən sınığı diaqnozu təyin edilən 1980-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

*** 08:38

Sumqayıtda 5 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, səhər saat 07:00 radələrində "BMW" markali avtomobil qırmızı işıqda sürətlə keçərək sərnişin marşrutuna və digər avtomobillərə çırpılıb. Nəticədə sərnişin marşrutu aşıb.

Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.