Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 35 ili tamam olur. Bu münasibətlə Pirallahı rayonunda yerləşən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və qonaqlar iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 35 il keçdiyi qeyd olunub. Bu dəhşətli hadisənin törədilməsindən bir gün sonra Moskvada Ümummilli lider Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləmiş, faciənin təşkilatçılarını ittiham etmişdir. Məhz bu bəyanatın nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar olmuşdur. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı düşməndən təmizlədi. 44 günlükVətən müharibəsi və Antiterror əməliyyatları nəticəsində Şanlı Azərbaycan Ordusu düşmən üzərində Zəfər qazanmaqla şəhidlərimizin uğruna canlarını qurban verdiyi suverenliyimizi bərpa edib.
Bütün şəhidlərimizin, o cümlədən xalqımızın qan yaddaşına hopmuş 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Keçirilən tədbirlərdə məktəblilərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş şerlər dinlənilmiş, kompozisiyalar və rəsm sərgiləri nümayiş olunub. Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları 20 Yanvar əlillərini ziyarət ediblər. Görüş zamanı onlara ərzaq bağlamaları təqdim olunub. 20 Yanvar əlilləri dövlətimiz tərəfindən hər zaman xüsusi qayğı ilə əhatə olunduqlarını qeyd edərək, onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.