Ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Unikal" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

***

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda Zəfər parkını ziyarət edib.

"Unikal" xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Somali Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.