Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış xocalılarla görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Nərimanov rayon Ağsaqqalar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş-leytenant Azad Hümbətovun atası Arif Hümbətov və Xocalı soyqırımı qurbanlarının ailə üzvləri çıxış ediblər.

Natiqlər Xocalı soyqırımının Ermənistanın Azərbaycana təcavüzü tarixində dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyiblər.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə uşaq, qadın və qocalar da daxil olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil.

Diqqətə çatdırılıb ki, Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu.  

44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, bu gün Xocalıda Azərbaycan Bayrağının ucaldığı xüsusi vurğulanıb.