ABŞ martın 11-də Səudiyyə Ərəbistanında baş tutan Amerika-Ukrayna danışıqları barədə Rusiyaya məlumat verəcək, lazım gələrsə, Rusiya və Amerika prezidentləri arasında telefon danışığı olacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının rəhbərinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

"Biz danışıqlardan sonra verilən bəyanatları diqqətlə izləyirik və qəbul edilmiş birgə bəyanatın mətni ilə tanış olacağıq. Dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals yaxın günlərdə müxtəlif kanallar vasitəsilə aparılan danışıqların təfərrüatları və əldə olunan anlaşmalar barədə bizə məlumat verəcəklər", - Kreml sözçüsü bildirib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı mövzusu yarana bilər. Peskov qeyd edib ki, belə bir zərurət yaranarsa, Amerika tərəfi ilə mövcud dialoq kanalları bunu kifayət qədər qısa müddətdə həyata keçirməyə imkan verəcək.

Gülayə Mecid