Misli Premyer Liqasının XXVII turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
"Unikal" xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:
"Matçın çətin keçəcəyini əvvəlcədən bilirdik. Çünki rəqib komanda qarşısına avrokuboklara düşmək məqsədi qoyub. Çempionatın sonlarına yaxınlaşdıqca hər oyun finala bərabər olur. Azarkeşlərimizə də öz təşəkkürümü bildirmək istəyirəm. Bu gün stadionda bizi tək qoymamışdılar. Artıq onlar bizim səfər görüşlərimizə də gəlirlər. Bu, olduqca sevindirici haldır.
Futbolçularımı 1 xal qazanmaqları münasibəti ilə təbrik edirəm. Sonuncu dəfə "Neftçi"yə qarşı təbii ot örtüklü meydanda futbol oynamışdıq. Ondan sonra ardıcıl suni ot örtüklü meydanda görüşlər keçirməyə başladıq. Bu səbəbdən matçın ilk hissəsində futbolçularımız ağır tərzdə oynamağa məcbur oldular. Lakin ilk hissədə real qol vəziyyətini biz yaratdıq, lakin istifadə edə bilmədik. İkinci yarıda komandamdan lap razı qaldım".