Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlər silsiləsi aktual olaraq qalır.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin xüsusi nümayəndəsi İqor Xovayevin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına köməklik ehtimalını şərh edərkən deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev məsləhətləşmələr aparmaq üçün regiona gəlməyə hazırdır.

"İqor Xovayev regiona dəfələrlə səfər edib və bu sahədə kifayət qədər fəal işləyib. Bizim fikrimizcə, aktuallığını qoruyan bir sıra üçtərəfli sazişlər var", - Kopırkin bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu məsələ ilə bağlı açıqlamaları Rusiya Federasiyasının dəyişməz mövqeyini əks etdirir. Xüsusilə, Moskva həmişə açıq şəkildə bəyan edib ki, Rusiya Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına və Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı şəkildə normallaşmasına kömək etmək məqsədi ilə tərəflərin tələb etdiyi həcmdə və formada bütün lazımi yardımı göstərməyə hazırdır.

ABŞ hərbi texnikasının Ermənistana gözlənilən müvəqqəti ötürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Rusiya səfiri mətbuatda yayılan məlumatlara görə, onun təlimlərin keçirilməsi üçün nəzərdə tutulduğuna dair məlumata diqqət çəkib.